Beynəlxalq elmi arenada Azərbaycan imzası: - Turner sindromunda uğurlu böyrək transplantasiyası

Hit: 175
Beynəlxalq elmi arenada Azərbaycan imzası: - Turner sindromunda uğurlu böyrək transplantasiyası
Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzinin baş elmi işçisi, tibb elmləri doktoru Rəşad Şolanın böyrək transplantasiyası sahəsində növbəti elmi məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub.
 
“Successful Kidney Transplantation in Turner Syndrome: A Case for Feasibility and Favorable Outcomes” adlı məqalə Clinical Case Reports jurnalında nəşr edilib. Jurnal “PubMed”, “Web of Science” (ESCI, Q3) və “Scopus” (Q3) kimi beynəlxalq elmi məlumat bazalarında indekslənir.
 
Elmi işdə Turner sindromu və son mərhələ böyrək çatışmazlığı olan pasiyentə uğurla həyata keçirilmiş canlı donor böyrək transplantasiyası ilə bağlı klinik təcrübə təqdim olunur. Məqalədə Turner sindromu zamanı müşahidə oluna bilən mürəkkəb anatomik xüsusiyyətlər fonunda ətraflı preoperativ planlaşdırmanın, fərdi yanaşmanın və düzgün cərrahi strategiyanın transplantasiyanın uğurlu nəticəsində mühüm rol oynadığı vurğulanır.
Bu klinik təcrübə nadir və mürəkkəb tibbi vəziyyətlərdə böyrək transplantasiyasının mümkünlüyünü göstərməklə yanaşı, belə pasiyentlərin müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyətini də önə çıxarır.
 
Qeyd edək ki, elmi iş daha əvvəl Ulusal Uroloji Kongresi çərçivəsində məruzə edilib və tezis formasında təqdim olunub. Sonrakı mərhələdə tədqiqat genişləndirilərək, klinik məlumatlar və elmi təhlillə zənginləşdirilib və tamhəcmli elmi məqalə kimi beynəlxalq jurnalda nəşr olunub.
Məqalənin beynəlxalq elmi bazalarda indekslənən jurnalda dərc olunması Azərbaycanda böyrək transplantasiyası istiqamətində aparılan elmi-tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm addımdır. Eyni zamanda, bu nəşr Azərbaycan alimlərinin transplantologiya sahəsində beynəlxalq elmi platformalarda təmsil olunmasının və ölkəmizdə aparılan klinik-elmi fəaliyyətin beynəlxalq səviyyədə tanıdılmasının göstəricisidir.






Redaktorun seçimi