Həşərat dişləmələrində risklərdən qorunun

Hit: 153
Həşərat dişləmələrində risklərdən qorunun
Yay aylarında açıq havada daha çox vaxt keçirilməsi həşərat dişləmələri ilə qarşılaşma ehtimalını artırır. Əksər hallarda həşərat dişləmələri yüngül qaşınma, qızartı və şişkinliklə müşahidə olunsa da, bəzi hallarda ciddi allergik reaksiyalara və infeksiyalara səbəb ola bilər.
 
Axşam.az xəbər verir ki, mütəxəssislər həşərat dişləməsindən sonra yaranan əlamətlərə diqqət yetirməyi tövsiyə edir.
 
Dişləmə zamanı nə etmək lazımdır?
 
İlk növbədə dişlənən nahiyə təmiz su və sabunla yuyulmalıdır. Şişkinlik və narahatlığı azaltmaq üçün həmin nahiyəyə parçaya bükülmüş soyuq kompres tətbiq etmək olar. Qaşınan yeri qaşımaqdan çəkinmək lazımdır. Çünki dərinin zədələnməsi infeksiya riskini artıra bilər.
 
Arı və ya digər sancan həşəratın iynəsi dəridə qalıbsa, onu mümkün qədər tez və ehtiyatla çıxarmaq lazımdır. Əgər iynə dərindən yerləşibsə və çıxarılması çətindirsə, tibbi yardım almaq daha məqsədəuyğundur.
 
Hansı hallarda təhlükəlidir?
 
Dişləmədən sonra üz, dodaq, dil və ya boğazda sürətli şişmə, nəfəs almaqda və ya udmaqda çətinlik, başgicəllənmə, halsızlıq, ürəkbulanma və bədənin müxtəlif nahiyələrində yayılmış səpgi yaranarsa, bu, ciddi allergik reaksiyanın əlaməti ola bilər. Belə vəziyyətdə vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır.
 
Həmçinin dişlənən nahiyədə qızartı və şişkinliyin getdikcə artması, güclü ağrı, irinləmə, yüksək hərarət və ya digər infeksiya əlamətləri müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.
 
Həşərat dişləmələrinin qarşısını necə almaq olar?
 
Açıq havada xüsusilə axşam saatlarında həşəratların daha çox olduğu yerlərdən uzaq durmaq, bədəni mümkün qədər örtən geyimlərdən istifadə etmək və uyğun həşəratqovucu vasitələrdən yararlanmaq tövsiyə olunur. Ətir və kəskin qoxulu kosmetik vasitələrdən istifadə də bəzi həşəratları cəlb edə bilər.






Redaktorun seçimi