Həkimdən uzunömürlülük sirri: - Gündəlik bu vərdişlər ömrü uzada bilər
Həkim bu barədə öz teleqram kanalında paylaşım edib.
Rusiyalı endokrinoloq Maksim Kuznetsov sağlam qidalanma vərdişlərinin ömrü uzatmağa kömək etdiyini bildirib.
Onun sözlərinə görə, sağlam həyat tərzi sərt qadağalardan deyil, həyatın bütün sahələrində formalaşan davamlı faydalı vərdişlərdən ibarətdir.
“Kiçik addımlarla başlayın: nahara bir xiyar əlavə edin, qazlı içkiləri bir fincan qara qəhvə ilə əvəz edin”, – deyə həkim tövsiyə edib. O bildirib ki, gündə bir-iki fincan şəkərsiz qara qəhvə 2-ci tip diabetin və qaraciyərin piylənməsinin qarşısının alınmasına kömək edə bilər.
Kuznetsov həmçinin qidalanmada ultra emal olunmuş məhsulların miqdarını azaltmağı və gündəlik duz qəbulunu 5 qramdan çox etməməyi məsləhət görüb. Həkim xatırladıb ki, duz yalnız duzqabında deyil, həm də sosiska, kolbasa, konserv və digər hazır məhsulların tərkibində mövcuddur.
Bundan əlavə, o, həftədə 2-3 dəfə balıq yeməyi və gündə təxminən 400 qram meyvə-tərəvəz qəbul etməyi tövsiyə edib.
Həkimin sözlərinə görə, bu vərdişlər damar problemlərinin, ürək-damar xəstəliklərinin və kolorektal xərçəng riskinin azalmasına kömək edir. (olke.az)






































































