Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla həyata keçirilib
Yeni Klinikanın Urologiya komandası 1960-cı il təvəllüdlü kişi pasiyent üzərində ilk laporoskopik parsial nefrektomiya əməliyyatını uğurla icra edib.
Tibb müəssisəsinə müraciət edən pasiyentdə sol böyrəkdə mərcanvari daş, eyni zamanda böyrəyin yuxarı-orta qütbündə yerləşən 20 mm. ölçülü xoşxassəli törəmə aşkarlanıb. Həkim-uroloqlar tərəfindən pasiyent üçün mərhələli müalicə planı hazırlanıb. İlkin olaraq böyrək daşı ilə əlaqədar stent yerləşdirilib, daha sonra isə eyni cərrahi seans zamanı böyrək törəməsi qapalı üsulla – laporoskopik parsial nefrektomiya əməliyyatı vasitəsilə uğurla xaric edilib.
Əməliyyat zamanı törəmə 3 ədəd 1 sm-lik dəlik vasitəsilə xaric edilib. Pasiyent əməliyyatdan iki gün sonra sağlam vəziyyətdə evə buraxılıb.
Qeyd edək ki, laporoskopik parsial nefrektomiya ölkəmizdə yalnız bir neçə ixtisaslaşmış mərkəzdə həyata keçirilən mürəkkəb uroloji əməliyyatlardan biridir. Bu əməliyyat Yeni Klinikada ilk dəfə uzman həkim-uroloqlar Turan Məmmədəliyev və Məcid Haqverdiyev tərəfindən, uzman həkim-anestezioloq-reanimatoloq Aysel Əliyevanın iştirakı ilə uğurla icra edilib.
Laporoskopik parsial nefrektomiya açıq cərrahi üsulla müqayisədə böyük kəsiyə ehtiyac yaratmır, əməliyyatdan sonrakı ağrıların azalmasına, pasiyentin daha qısa müddətdə sağalaraq gündəlik həyatına qayıtmasına imkan verir və böyrəyin sağlam toxumasının maksimum dərəcədə qorunmasını təmin edir.








































































