ATU-da bətndaxili cərrahiyyə üzrə - 10 illik təcrübə: fetal tibbin inkişafında mühüm nəticələr

Hit: 166
ATU-da bətndaxili cərrahiyyə üzrə - 10 illik təcrübə: fetal tibbin inkişafında mühüm nəticələr
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının II Mama-Ginekologiya şöbəsində 2014-cü ildən etibarən bətndaxili cərrahiyyə istiqamətində mürəkkəb tibbi müdaxilələr həyata keçirilir. Ana bətnində inkişaf edən dölə diaqnostik və müalicə məqsədli müdaxilələrin aparılmasını nəzərdə tutan bu sahə müasir mama-ginekologiyanın xüsusi ixtisaslaşma tələb edən istiqamətlərindən biridir.
 
ATU Tədris Cərrahiyyə Klinikasında bu istiqamətdə görülən işlər yüksək riskli hamiləliklərin daha effektiv idarə olunmasına, dölün sağlamlıq vəziyyətinin vaxtında qiymətləndirilməsinə və zəruri hallarda erkən tibbi müdaxilələrin həyata keçirilməsinə imkan verir. Bu fəaliyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd – “Sağlam həyatın təmin edilməsi və hər yaşda rifahın təşviqi” çərçivəsində ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə uyğun gəlir.
 
2014-cü ildən etibarən klinikada fetoskopik lazer ablasiya əməliyyatı istisna olmaqla, bətndaxili cərrahiyyənin əsas istiqamətləri üzrə əməliyyatlar icra olunur. Həyata keçirilən prosedurlar arasında amniosentez, kordosentez, şant və drenajların yerləşdirilməsi, fetal reduksiya, amnioseptostomiya və bətndaxili qan köçürülməsi mühüm yer tutur.
 
Amniosentez zamanı dölyanı amnion mayesindən nümunə götürülərək dölün genetik xüsusiyyətləri araşdırılır. Kordosentez isə döl qanının laborator və genetik müayinəsi üçün tətbiq olunan diaqnostik prosedurdur. Bu üsullar hamiləliyin gedişində mümkün risklərin müəyyənləşdirilməsinə və düzgün tibbi qərarların qəbul edilməsinə kömək edir.
 
Dölün döş qəfəsi və ya qarın boşluğunda müəyyən patologiyalar zamanı tətbiq edilən şant və drenaj əməliyyatları dölün vəziyyətinin yaxşılaşdırılmasına və hamiləliyin davam etdirilməsi imkanlarının artırılmasına yönəlib.
 
Çoxdöllü hamiləliklər zamanı tibbi göstərişlər əsasında aparılan fetal reduksiya əməliyyatları ana və döllərin sağlamlığının qorunması məqsədi daşıyır. Əkiz hamiləliklərdə rast gəlinən transfuziya sindromu zamanı həyata keçirilən amnioseptostomiya isə döllər arasında yaranan vəziyyətin tənzimlənməsinə xidmət edir.
 
Bətndaxili qan köçürülməsi xüsusilə rezus konflikt nəticəsində yaranan döl anemiyası və hidrops zamanı tətbiq olunan mühüm prosedurlardan biridir. Bu müdaxilə dölün qan göstəricilərinin yaxşılaşdırılmasına və ağırlaşmaların qarşısının alınmasına imkan yaradır.
 
Klinikada 2014-cü ildən bu günədək həyata keçirilən bətndaxili əməliyyatların sayına gəlincə, ötən müddətdə 1000-dən çox amniosentez; 100-dən çox kordosentez; 11 dölə şant/drenaj əməliyyatı; 1000-ə yaxın fetal reduksiya; 16 amnioseptostomiya; 50-yə yaxın bətndaxili qan köçürülməsi yerinə yetirilib.
 
Aparılan əməliyyatların nəticələri klinik fəaliyyətlə yanaşı, elmi baxımdan da qiymətləndirilib. Əldə olunan nəticələr müxtəlif elmi konfranslarda təqdim olunub, elmi jurnallarda dərc edilib. Bətndaxili qan köçürülməsi istiqamətində aparılan araşdırmalar əsasında elmi iş müdafiə olunub.
 
Klinikanın məlumatına əsasən, həyata keçirilən bətndaxili əməliyyatlar zamanı müşahidə olunan fəsadların səviyyəsi beynəlxalq tibbi ədəbiyyatda göstərilən göstəricilərdən aşağıdır. Bu nəticələr ixtisaslaşmış tibbi komandanın təcrübəsini və müasir müalicə yanaşmalarının tətbiqini əks etdirir. 
 
ATU Tədris Cərrahiyyə Klinikasında bətndaxili cərrahiyyə sahəsində toplanmış təcrübə Azərbaycanda ana və döl sağlamlığının qorunması, yüksək riskli hamiləliklərin müasir tibbi imkanlarla idarə olunması və fetal təbabətin inkişafı istiqamətində əhəmiyyətli istiqamətlərdən biridir.






Redaktorun seçimi