ATU-nun Tədris Cərrahiyyə Klinikasında rekonstruktiv təkrari rinoplastika əməliyyatı uğurla icra olunub

Hit: 157
ATU-nun Tədris Cərrahiyyə Klinikasında rekonstruktiv təkrari rinoplastika əməliyyatı uğurla icra olunub
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb rekonstruktiv təkrari rinoplastika (revision rhinoplasty) əməliyyatı uğurla həyata keçirilib.
Əməliyyat ATU-nun Qulaq, Burun və Boğaz xəstəlikləri kafedrasının assistenti Fəridə Əbilova və kafedranın rezidenti Nərmin Əzizli Aslanlı tərəfindən icra olunub.
Rekonstruktiv təkrari rinoplastika daha əvvəl burun əməliyyatı keçirmiş, lakin funksional və ya estetik problemləri davam edən pasiyentlərdə tətbiq edilən mürəkkəb cərrahi müdaxilədir. Bu əməliyyat zamanı burunun anatomik quruluşu ətraflı qiymətləndirilir, əvvəlki cərrahi müdaxilələr nəticəsində yaranmış deformasiya və struktur pozğunluqları aradan qaldırılır, həmçinin burunun tənəffüs funksiyası və estetik görünüşü bərpa edilir.
 
Revision rinoplastika ilkin rinoplastikaya nisbətən daha yüksək cərrahi təcrübə və dəqiqlik tələb edir. Əməliyyat zamanı zədələnmiş və ya dəstəyini itirmiş burun strukturlarının rekonstruksiyası həyata keçirilir, zərurət olduqda isə qığırdaq transplantatlarından istifadə olunur. Məqsəd həm burunun funksional fəaliyyətini yaxşılaşdırmaq, həm də təbii və harmonik estetik nəticə əldə etməkdir.
 
Tədris Cərrahiyyə Klinikasında icra olunan bu cür mürəkkəb rekonstruktiv əməliyyatlar pasiyentlərə müasir cərrahi yanaşmalar əsasında yüksək ixtisaslı tibbi xidmətin göstərilməsinin göstəricisidir.






Redaktorun seçimi