Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binası istifadəyə verilib

Hit: 168
Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binası istifadəyə verilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binasının açılışı olub.
 
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı Lətifov, aidiyyəti qurumların nümayəndələri və tibb müəssisəsinin kollektivi iştirak ediblər.
Bildirilib ki, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən tibb müəssisəsi əvvəlcə feldşer-mama məntəqəsi, daha sonra həkim məntəqəsi kimi xidmət göstərib. 2021-ci ildən isə Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətini davam etdirir.
 
Qeyd olunub ki, əvvəlki binanın qəzalı vəziyyətə düşməsi səbəbindən tibb müəssisəsinin yeni binaya köçürülməsi qərara alınıb. Bir ildən artıq müddətdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzi yeni binada fəaliyyətə başlayıb.
 
Hazırda Mərkəz 12 600 nəfər əhaliyə, o cümlədən 2 920 nəfər uşağa ilkin səhiyyə xidməti göstərir. Müəssisədə 13 nəfərdən ibarət kollektiv çalışır. Onlardan 4 nəfəri, o cümlədən bölmə müdiri olmaqla həkim heyətidir. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə müəssisə ailə həkimi-terapevt, ailə həkimi-pediatr və həkim-mama-ginekoloq ixtisasları üzrə mütəxəssislərlə təmin olunub.






Redaktorun seçimi