Dünya Qalxanabənzər Vəzi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
TƏBİB-in dəstəyi, Respublika Endokrinoloji Mərkəz inin təşkilatçılığı ilə Dünya Qalxanabənzər Vəzi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbirdə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva, Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu Yeganə Sultanova, həmçinin Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, ölkənin müxtəlif tibb müəssisələrindən dəvət olunmuş həkim-endokrinoloqlar, radioloqlar, nüvə təbabəti və pediatriya üzrə mütəxəssislər, həmçinin Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislər iştirak ediblər.
Tədbir çərçivəsində endokrinoloji problemlər və onların həlli istiqamətində panel-müzakirələr təşkil olunub. Panellərdə qalxanabənzər vəzi düyünlərinin diaqnostika və müalicəsində müasir yanaşmalar, tiroid xərçənginin cərrahi müalicəsi, hamiləlik dövründə qalxanabənzər vəzi xəstəliklərinin idarə olunması, tiroid patologiyalarında radioloji və nüvə təbabəti üsullarının tətbiqi, pediatrik endokrinologiyada aktual problemlər, hipotireoz və hipertireozun müasir müalicə prinsipləri, tiroid oftalmopatiyası kimi aktual mövzular müzakirə olunub.
Bununla yanaşı, yerli mütəxəssislər və Türkiyə Respublikasından dəvət olunmuş ekspertlər təcrübələrini bölüşüb, praktik yanaşmaları, müasir diaqnostik və müalicə üsullarını iştirakçılarla müzakirə ediblər.







































































