Referans Sea Breeze Hospital fəaliyyətə başlayıb
Sea Breeze ərazisində fəaliyyətə başlayan ilk və 24/7 xidmət göstərən Referans Sea Breeze Hospital artıq pasiyentlərin xidmətindədir. Yeni hospital burada yaşayan sakinlərin və əraziyə gələn qonaqların müasir, fasiləsiz və keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarını genişləndirəcək.
2016-cı ildə laborator xidmətlərlə fəaliyyətə başlayan Referans Medical Group ötən illər ərzində inkişaf edərək Azərbaycanın ən böyük yerli klinikalar şəbəkələrindən birinə çevrilib. Bu gün şəbəkə həm ölkəmizdə, həm də xaricdə fəaliyyət göstərən tibb müəssisələri vasitəsilə pasiyentlərə beynəlxalq standartlara uyğun tibbi xidmətlər təqdim edir.
Referans Medical Group-un inkişaf strategiyasının növbəti mərhələsi olan Referans Sea Breeze Hospital müasir infrastruktur əsasında fəaliyyət göstərir. Hospitalda həkim konsultasiyaları, radioloji və laborator xidmətlər, doğuş və neonatologiya, cərrahiyyə, reanimasiya, stomatologiya, ünvanda tibbi xidmət və təcili tibbi yardım xidmətləri göstərilir. Diaqnostika, müalicə və təcili tibbi yardım xidmətlərinin bir məkanda cəmləşdirilməsi pasiyentlərə kompleks tibbi xidmət almaq imkanı yaradır.
Referans Sea Breeze Hospital yerli pasiyentlərlə yanaşı, xarici vətəndaşlara da tibbi xidmətlərin təqdim olunmasını hədəfləyir. Bu istiqamətdə həyata keçiriləcək fəaliyyətlər ölkəmizdə tibbi turizmin inkişafına dəstək verməklə yanaşı, Azərbaycanın beynəlxalq səhiyyə məkanında mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Pasiyent məmnuniyyətini əsas prioritet kimi müəyyən edən hospital müasir idarəetmə modeli əsasında fəaliyyət göstərir. Geniş infrastrukturu və müasir texniki bazası sayəsində pasiyentlərə təhlükəsiz və komfortlu tibbi xidmətlərin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb.
Hospitalın əməliyyat blokları beynəlxalq standartlara uyğun şəkildə qurulub və ən son texnologiyalarla təchiz edilib. Steril şəraitdə fəaliyyət göstərən əməliyyatxanalarda həm minimal invaziv, həm də mürəkkəb cərrahi müdaxilələr yüksək təhlükəsizlik və dəqiqlik prinsipləri əsasında həyata keçirilir. Müasir avadanlıqlar və peşəkar tibbi heyət əməliyyatların beynəlxalq standartlara uyğun icrasını təmin edir.




































































