Azərbaycan Uro-Androloqlarının XXIV Simpoziumu uğurla keçirilib
5–6 iyun 2026-cı il tarixlərində Qəbələ şəhərində Azərbaycan Uro-Androloqlarının XXIV Simpoziumu keçirilib. Tədbir Azərbaycan Tibb Universitetinin Urologiya kafedrası və Azərbaycan Androloqlar Cəmiyyətinin dəstəyi ilə təşkil olunub.
ATU-nun Tədris Cərrahiyyə Klinikası tədbirdə geniş heyətlə təmsil olunub. Klinikanın uroloq-cərrahı Azərbaycan Andrologiya Cəmiyyətinin sədri professor İlham Əhmədov, eləcə də kafedra müdiri professor Rauf Nağıyev, akademik-professor Südeyif İmamverdiyev və professor Əlmərdan Baxışov simpoziumun elmi proqramında fəal iştirak ediblər.
Simpoziumun ilk günündə Türkiyənin tanınmış uroloqu, ATU-nun fəxri professoru Ateş Kadiroğlu və professor İlham Əhmədov tərəfindən canlı nümayiş əməliyyatı həyata keçirilib. Həmçinin iştirakçılar üçün nəzəri kurs təşkil olunub.
İki gün davam edən tədbirdə 121 həkim, o cümlədən 6 xarici mütəxəssis iştirak edib. Simpozium çərçivəsində uroloji və androloji sahədə son elmi yeniliklər, innovativ yanaşmalar, robotik cərrahiyyənin imkanları və müasir əməliyyat texnikaları müzakirə olunub.
Konfransın ikinci günü elmi proqramla davam edib. Təxminən 20 sessiya və 21 məruzə təqdim olunub. Yerli və xarici mütəxəssislərin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə həmçinin Belarusun tanınmış uroloqlarından biri, həkimlərin təkmilləşdirilməsi universitetinin Urologiya kafedrasının rəhbəri Dmitri Nitkin də iştirak edərək elmi məruzə ilə çıxış edib.
Simpoziumun rezidentlər, praktik həkimlər və tibb elmi ilə məşğul olan mütəxəssislər üçün mühüm təcrübə və bilik mübadiləsi platforması olduğu vurğulanıb. Tədbirin uroloji və androloji sahələrin inkişafına, eləcə də beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verəcəyi qeyd olunub.








































































