Tovuz Rayon Mərkəzi Xəstəxanasında Fizioterapiya şöbəsi yenidən qurulub

Əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlar səviyyəsinə yüksəldilməsi, region xəstəxanalarının inkişaf etdirilməsi, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının hər bir bölgə üzrə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Tovuz Rayon Mərkəzi Xəstəxanasının yeni və müasir avadanlıqlarla təchiz edilmiş Fizioterapiya şöbəsi yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.
Fizioterapiya şöbəsində yaradılan şərait tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək.
Şöbədə sinir sistemi, parkinson xəstəliyi, üz iflicinin, beyin və onurğa beyni zədələrinin, bel, boyun, çiyin nahiyəsində ağrılar, yırtıq, insult, skolioz, uşaqlarda lordoz, bütün növ əzələ və sümük, nevroloji, yaşla bağlı ortopedik xəstəliklərin müalicəsi üçün hər bir şərait yaradılıb.
Burada yüksəkixtisaslı tibb personalı tərəfindən elektroforez, fonoforez, ultra yüksək tezlikli terapiya (UVÇ), tens, amplipulsterapiya, darsanvalizasiya, Naftalan və sollyuks infraqırmızı şüalarla müalicə, inhalyasiya, tibbi masaj və sair prosedurlar yerinə yetirilir.
Müalicədən əvvəl həkimlər hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyilə pasiyentdə xəstəliyin düzgün diaqnozu və qiymətləndirilməsi həyata keçirilir. Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır.
Yenilənmiş Fizioterapiya şöbəsində 2 həkim, 2 tibb bacısı və 1 xadimə olmaqla, ümumilikdə 5 nəfər heyət xidmət göstərir.


