Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi qurulub

Regionlarda səhiyyə sisteminin təkmilləşdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə TƏBİB bir sıra yeniliklər həyata keçirir. Bu yeniliklərdən biri də elektron növbə sisteminin bütün tabeli tibb müəssisələri üzrə tətbiq edilməsidir.
Mərhələli şəkildə icra olunan bu proses daha iki tibb müəssisəsində - Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarında tam yekunlaşıb. Bundan sonra hər iki tibb müəssisəsində vətəndaşlar tibbi xidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəcək.
Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.
Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.
Məlumat üçün bildirək ki, artıq ölkə üzrə 20-dən çox tibb müəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektron növbə sistemi tam işlək vəziyyətə gətirilib.


