Dəqiq müayinə uğurlu müalicənin əsas şərtidir

Tədris Onkoloji Klinikada müasir avadanlıqları peşəkarlar idarə edir
Azərbaycan Tibb Universitetinin digər klinikalarında olduğu kimi, Tədris Onkoloji Klinikaya da müraciət edən pasiyentlər müasir diaqnostik cihazların sayəsində dəqiq müayinə olunurlar. Məhz düzgün müayinənin nəticəsində klinikanın həkimləri xəstələri uyğun şəkildə müalicə edir, onlara sağlamlıq durumlarının bərpasında yardımçı olurlar.
Xəstələrin hansı müayinələrdən keçdiyi və bu prosesin necə aparılması ilə bağlı ətraflı məlumat əldə etmək üçün Klinikada olduq. Klinik-Diaqnostik Laboratoriyanın müdiri Taleh Əliyev bizə rəhbərlik etdiyi laboratoriyanın fəaliyyətindən danışdı. Bildirdi ki, laboratoriya ən müasir avadanlıqlarla təchiz olunub: “Laboratoriyamızın bütün bölmələri fəaliyyət göstərir. Burada tam balanslaşdırılmış sistemdən istifadə edirik. Biokimyəvi, qanın ümumi analizi bölümləri tam avtomatlaşdırılmış şəkildə fəaliyyət göstərir. Apardığımız müayinələr klinikanın LİS proqramına bağlı olduğu üçün müayinənin nəticələrini həkimlər öz otaqlarında görmək imkanına malikdir. Tibbin başqa sahələrində olduğu kimi, onkoloji sahədə də müayinələr daim yenilənir. Biz də bu yeniliklərdən istifadə edirik. Bu da həkimlərimizə ilkin və erkən müayinələrin, biokimyəvi müalicənin aparılmasını yaxından izləməyə imkan verir”.
Həkim-laborant, tibb üzrə fəlsəfə doktoru Ülkər Məmmədovanın bildirdiyinə görə, biokimyəvi analizlər Almaniya istehsalı olan “İnteqra-400” cihazı vasitəsilə aparılır: “Cihazın bir sıra üstünlükləri var, müayinələrin aparılmasında bizə vaxt qazandırır. Belə ki, bir saat ərzində 400 nəfərin müayinə göstəriciləri barədə məlumat əldə edə bilirik. Onun sayəsində qaraciyər, böyrək, mədəaltı vəzi və s. orqanların göstəricilərini, şəkər miqdarını öyrənmək mümkündür. Müasir avadanlıqların imkanları müayinələri 5-10 dəqiqə ərzində və dəqiqliklə həyata keçirməyə imkan verir”.
Qeydiyyatçı Arifə Mirzəyeva çalışdığı laboratoriyada hər gün xəstələrin müayinədən keçmək üçün onlara müraciət etdiyini qeyd etdi. Bildirdi ki, həkim xəstələri qeydiyyata alandan sonra ad və soyadlarla barkordlar çıxarır, nümunə götürür, sonra iş otağına yönləndirirlər.
Mammoqrafiya müayinəsi kabinetinin radioloq-mammoqrafı Könül Fərhadzadənin sözlərinə görə, 2024-cü ildən etibarən işlədiyi kabinetdə mammoqrafiyadan əlavə tomosintezə də başlanılıb: “Tomosintez süd vəzinin tomoqrafiya müayinəsidir. Biz mammoqrafiya zamanı rentgen müayinəsi aparır, şəkil çəkirik, tomosintez zamanı isə bir millimetr nazikliyində süd vəzi toxumasından 50-70 arası şəkillər əldə edə bilirik. Bu da bizə kiçik ölçülü, çətin aşkarlanan toxumaları müəyyənləşdirməkdə kömək edir.
Klinikamız universitetin nəzdində olduğu üçün bura Onkologiya kafedrasından tələbələr də gəlir. Biz isə onlara mammoqrafiyanı praktik olaraq izah edir, xəstələri göstərir, onlar üzərində dərslər keçirik”.
H.Fərhadzadə söhbət zamanı klinikada Mammologiya şöbəsinin fəaliyyət göstərdiyini də bildirdi: “Şöbəmizdə 15-ə yaxın cərrah-mammaloq çalışır. Gün ərzində onlara müraciət edən xəstələr mütləq şəkildə mammoqrafiya və ultrasəs müayinəsinə yönləndirilir. Xəstəyə kağız və disk şəkilində müayinələrin nəticələri verilir. Müayinələr təsdiq olunandan sonra xəstələr öz mammoloqlarına dönür”.
Klinikanın Endoskopiya kabinetinin həkimi Habil Hüseynov burada bütün endoskopik müayinələrin - artoskopiya, kolonoskopiya, larinqoskopiya, broxoskopiya və s. aparıldığını bildirdi: “Mədənin, nazik bağırsağın stendlənməsi, poliplərin kəsilməsi, darlıqların genişləndirilməsi, fistulaların bağlanması, bronxlardan, mədə-bağırsaq sistemindən yad cisimlərin xaric edilməsi həkimlərimiz tərəfindən yüksək səviyyədə icra olunur. İstər onkoloji, istər qeyri-onkoloji olsun, mədə-bağırsaq sistemində problemi olan hər kəs, o cümlədən cərrahi şansı olmayanlar, digər müayinə və müalicə metodlarından ümidini itirmiş xəstələr bizə müraciət edirlər. Məsələn, şiş elə bir həddə çatır ki, qidalanmada problem yaşayırlar və digər üsullarla müdaxilə etmək heç cür mümkün olmur. Xəstələrə ya stend, ya da feyk taxılır, həkimlərimizin səyi nəticəsində yenidən həyata qayıdırlar”.


