Kliniki standartların təqdimatına həsr olunan tədbir keçirilib

TƏBİB-in təşkilatçılığı ilə müxtəlif nozologiyalar üzrə hazırlanan klinik standartların təqdimatına həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tibbi xidmətlərin keyfiyyətinin artırılması və bu xidmətlərin standartlaşdırılması istiqamətində görülən işlərin paylaşılması olub.
Tədbirin rəsmi hissəsində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Uşaq və böyük reanimasiya şöbəsinin müdiri Elman Əzizov və “TƏBİB Akademiyası”nın rəhbəri Tural Xaspolad çıxış edərək kliniki standartların əhəmiyyətindən, beynəlxalq təcrübələrə uyğunluğundan və gələcək planlardan bəhs ediblər.
Elmi-praktik hissədə Yeni Klinikanın həkim-anestezioloq-reanimotoloqları Mayıl Sədiyev, İsmayıl Əliyev və Aysel Əhmədova tərəfindən “Travmatik beyin zədədlənməsi üzrə klinik standart”, “Septik şokun idarə olunması üzrə klinik standart”, “Diabetik ketoasidoz (DKA) > 14 YAŞ (< 50 KQ) üzrə klinik standart” mövzularında təqdimatlar edilib.
Səhiyyə sahəsində elmi əsaslı, sübutlara əsaslanan və beynəlxalq təcrübəyə uyğun protokolların tətbiqini genişləndirməyi qarşıya məqsəd qoyan TƏBİB bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır.


