Dəri xərçəngi - yaranma səbəbləri və müalicəsi

Hit: 750
Dəri xərçəngi - yaranma səbəbləri və müalicəsi
Xəstəliyə daha çox 50 yaşdan yuxarı kişilərdə rast gəlinir.
 
Dəri xərçəngi dünya üzrə ən geniş yayılmış bədxassəli şişlərdən biridir və son üç onillikdə xəstələnmə tezliyi 3 dəfə yüksəlib. Dərinin rəngindən asılı olmayaraq hər bir insan dəri xərçənginə düçar ola bilər, lakin açıq dərili, sarışın insanlarda bu risk daha yüksəkdir. Bu da açıq dərili insanlarda melanin piqmentinin səviyyəsinin aşağı olduğuna görə dərinin UVB şüalardan müdafiə qabiliyyətinin aşağı olması ilə əlaqədardır. 
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 19 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Vüsalə Tağıyevanın sözlərinə görə, xəstəlik daha çox 50 yaşdan yuxarı kişilərdə müşahidə olunur:
 
“Dəri xərçənginin əmələ gəlməsində ən mühüm amil ultrabənövşəyi şüaların təsirinə məruz qalmadır. Təsadüfi deyil ki, xərçəng hallarının 90 faizi bədənin günəş  şüalarının birbaşa  təsirinə məruz qalan nahiyələrində, baş, boyun (alın, gicgah, qulaq eyvanı), yuxarı ətraflarda inkişaf edir. Həmçinin, ionlaşdırıcı şüalar da dəri xərçənginə səbəb ola bilər. Uzun müddətli termik təsirlər, dərinin sağalmayan yaraları, xroniki spesifik, iltihabi proseslər, yanıqdan sonrakı çapıq fonunda dəri xərçənginin əmələ gəlmə ehtimalı yüksəkdir. O cümlədən, arsen, qatran, his, boya maddələri, yağlarla, neft-kimya, duru yanacaqla işləyən peşə sahiblərində dəri xərçəngi tez-tez təsadüf edilir. Son illər İnsan Papilloma Virusunun HPV5, HPV8, HPV11, HPV16, HPV18 növlərinin müxtəlif lokalizasiyalı yastı hüceyrəli karsinomaların yaranmasında böyuk rolu haqqında bir çox məlumatlar var”.
 
Həkim-onkoloq onu da bildirdi ki, dəri xərçəngi yerindən, səbəbindən asılı olaraq xora, düyün, ziyil şəklində görünə bilər. Çox vaxt kələ-kötür, sərt, dəri səthindən qalxan, bəzən qaşınma verən, ağrısız törəmə kimi inkişaf edir. Bəzən infeksiyanın prosesə qoşulması nəticəsində yarada qoxu olur. Ən çox regional limfa düyünlərində metastazlar əmələ gəlir. Uzaq orqanlarda metastazlar nisbətən az görünür.
 
V. Tağıyeva onu da vurğuladı ki, dəri xərçənginin diaqnozu vizual müayinə ilə 90 faiz hallarda qoyula bilər. Sitoloji və histoloji müayinə vasitəsilə diaqnoz mütləq dəqiqləşdirilməlidir. Həmçinin, reginar limfa düyünlərinin USM, döş qəfəsi rentgen müayinəsi aparılmalıdır:
 
“Dəri xərçənginin müalicəsində cərrahi, şüa, kimyəvi dərman müalicəsi ilə yanaşı, həmçinin, kimyaterapiya, lazer şüası ilə müalicə istifadə olunur”.
 
Dəri xərçənginin profilaktikası üçün əhali arasında sanitar maarifləndirmə işi aparılmalı, dəri törəmələrinə ciddi yanaşma, törəmələr böyüdükdə həkimə müraciət etmə, uzun müddət çapıqlaşmayan xora və fistulların radikal müalicəsi, ağdərili adamların uzunmüddət günəş şüalanmasından qorunması, günəşdən qoruyucu kremlərdən istifadənin vacibliyi barədə məlumat verilməlidir! Təəssüf ki, son zamanlar gənclər arasında solyaridən istifadə halları artmışdır. Bu da birbaşa UVB şüalarının təsirinə məruz qalma deməkdir. Bu barədə gənclərin məlumatlandırılması çox gərəklidir.
 
Sonda qeyd etmək istəyirik ki, xərçəngin digər növləri kimi dəri xərçənginə də vaxtında  qoyulmuş diaqnoz və aparılmış düzgün müalicə xəstələrin əksəriyyətinin sağalması ilə nəticələnir.








Redaktorun seçimi