Stres zamanı bədən ölü hüceyrələri necə təmizləyir? - ARAŞDIRMA

Hit: 187
Stres zamanı bədən ölü hüceyrələri necə təmizləyir? - ARAŞDIRMA
Arlinqton Texas Universiteti (UT Arlington) tədqiqatçılarının apardığı yeni araşdırma stresə cavab verən genlərin gözlənilməz bir funksiyasını ortaya çıxarıb.
 
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “PLOS Genetics” jurnalında dərc olunan bu araşdırma stres zamanı orqanizmin ölü hüceyrələri necə tanıyıb və təmizlədiyinə dair əhəmiyyətli mexanizmləri üzə çıxararaq, immun sistemi, beyin fəaliyyəti və maddələr mübadiləsi kimi həyati sistemlərin işləməsinə dair yeni anlayışlar təqdim edir.
 
Tədqiqat Biologiya fakültəsinin dosenti dr. Piya Ghosenin rəhbərlik etdiyi laboratoriyada həyata keçirilib. Layihənin əsas icraçısı Aladin Elkhalil qeyd edib ki, bədənin ölü hüceyrələri effektiv şəkildə çıxarması yeni hüceyrələrin yaradılması qədər həyati əhəmiyyət daşıyır: “Əgər bədən ölü hüceyrələrdən xilas ola bilməsə, bu, ciddi sağlamlıq pozuntularına səbəb ola bilər”.
 
Tədqiqatın modeli kimi “Caenorhabditis elegans” (C. elegans) adlı mikroskopik şəffaf qurd növündən istifadə olunub. Bu orqanizm genetika sahəsində model sistem olaraq geniş istifadə olunur, çünki onun şəffaf bədəni hüceyrələrin davranışını canlı şəkildə müşahidə etməyə imkan verir. Tədqiqat qrupu bu üstünlükdən istifadə edərək stres zamanı ölü hüceyrələrin necə təmizləndiyini və bu prosesdə hansı genlərin rol oynadığını müəyyənləşdirib. Aparılan təhlillər nəticəsində elm adamları hüceyrələrin təmizlənməsində rol oynayan və “Lyst” adlı insan geninə bənzərliyi olan əsas geni müəyyənləşdiriblər. Bu genin insan versiyası “Chediak-Higashi” Sindromu kimi nadir immun sistem xəstəliyi ilə əlaqələndirilir. Ən maraqlı tapıntılardan biri bu genin C. elegans-da əvvəllər yalnız stresə cavab verdiyi bilinən klassik genlər tərəfindən idarə olunmasıdır. Tədqiqat zamanı CRISPR/Cas9 gen redaktə texnologiyası və yüksəkdəqiqlikli canlı görüntüləmə üsullarından istifadə edilib. Bu yanaşmalar tədqiqatçılara streslə əlaqəli genlərin və hüceyrə təmizləyici mexanizmlərin hansı mərhələlərdə və necə aktivləşdiyini birbaşa izləməyə şərait yaradıb.
 
Bu kəşf stres-gen əlaqəsinin yalnız adaptasiya və sağ qalma ilə deyil, həm də ölü hüceyrələrin aradan qaldırılması kimi fundamental biologiya prosesləri ilə də əlaqəli olduğunu göstərir. Tədqiqat qrupu bu mexanizmlərin insan sağlamlığı ilə əlaqəsini araşdırmaq üçün növbəti mərhələlərə keçməyi planlaşdırır.








Redaktorun seçimi