Üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları ICOMS 2025 tədbirində iştirak ediblər

Hit: 161
Üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları ICOMS 2025 tədbirində iştirak ediblər
Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları Sinqapurda keçirilən Beynəlxalq Üz-çənə Cərrahları Assosiasiyasının (ICOMS) Ümumdünya Konqresində iştirak ediblər
82 ölkədən 2000-dən çox iştirakçının qatıldığı konqres üz-çənə cərrahiyyəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin qlobal gücünü və birliyini əks etdirir. Bu ixtisas sahəsi insanın zahiri görkəmini və bununla da sosial statusunu müəyyən edən ən mühüm anatomik sahələrdən birinin bərpası və təkmilləşdirilməsinə yönəlib. 150-dən çox elmi sessiyanı əhatə edən konqresdə ən son tədqiqatlar, zəngin klinik təcrübə və maraqlı müzakirələr təqdim edilib, üz-çənə cərrahiyyəsinin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.
 
Əsasən ATU-nun əməkdaşlarının təmsil olunduğu Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti bu tədbirdə iştirak edən qurumlar arasında “Fəxri Qonaq Cəmiyyət” statusunu alıb. Azərbaycan nümayəndə heyətinə Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov rəhbərlik edib. Nümayəndə heyətinə daxil olan dosentlər F.İ.Həsənov, N.N.Sultanova, İ.M.Fərzəliyev və T.A.Əliyev dəvət olunmuş məruzəçilər qismində çıxış ediblər. O cümlədən kafedranın assistentləri R.Ə.İbrahimov və E.M.Əliyev poster formatında, doktorant G.A.Əliyeva isə şifahi təqdimatla öz elmi işlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 
 
Nümayəndə heyətimizin üzvləri şəxsi görüşlər zamanı müxtəlif ölkələrdən olan həmkarlarına Azərbaycanın nailiyyətləri, mədəni həyatının rəngarəngliyi, xalqımızın ənənəvi qonaqpərvərliyi və turizm baxımından cəlbediciliyi barədə məlumat veriblər.








Redaktorun seçimi