EKQ kursunu uğurla başa vuran 22 həkimə sertifikatlar təqdim olunub

İki ay yarım davam edən “Təxirəsalınmaz hallarda EKQ diaqnostika” kursunu uğurla tamamlayaraq yekun imtahanda yüksək nəticələr göstərən 22 həkimə sertifikatlar təqdim olunub.
Tədbirdə iştirak edən Mərkəzin direktoru Mirələm Calalov kurs iştirakçılarını təbrik edərək onların peşə hazırlığının artırılmasını yüksək qiymətləndirib. O, çıxışında təcili tibbi yardım sisteminin əsas məqsədinin operativ və keyfiyyətli tibbi xidmət göstərmək olduğunu vurğulayıb:
“Təcili tibbi yardım sadəcə bir xidmət deyil, həyatla ölüm arasındakı körpüdür. Bizim həkimlər hər gün onlarla insanın həyatını xilas edir. Onların bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlər şərtdir. Bu gün sertifikat alan hər bir həkim öz məsuliyyətini dərk edərək bu yola addım atıb.”
Mirələm Calalov çıxışında bir sıra aktual məsələlərə də toxunub. Xüsusilə, əsassız və təcili yardımın profili ilə uyğun gəlməyən çağırışların artması ilə bağlı narahatlığını bildirib:
“Əfsuslar olsun ki, hər gün daxil olan çağırışların müəyyən hissəsi təcili tibbi yardımın profili ilə uyğun gəlmir. Bu cür əsassız çağırışlar, real ehtiyac içində olan və həyat təhlükəsi yaşayan xəstələrə çatmaq imkanlarımızı məhdudlaşdırır. Vətəndaşlarımızdan xahişimiz odur ki, təcili yardıma yalnız real ehtiyac olduğu halda müraciət etsinlər. Bu, həm sistemin düzgün işləməsi, həm də tibbi xidmətə ehtiyac sahiblərinə vaxtında yardımın çatdırılması baxımından son dərəcə vacibdir.”
Direktor qeyd edib ki, Mərkəz tərəfindən həm həkim heyətinin hazırlığına, həm də ictimai maarifləndirmə işlərinə diqqət artırılır.
Sonda Mirələm Calalov kurs iştirakçıları ilə səmimi söhbət edib, onların təəssürat və təkliflərini dinləyib, gələcəkdə həyata keçiriləcək təlim proqramları barədə fikir mübadiləsi aparıb.


