Əməkdaşlığa dair memorandum imzalanıb

Bu günlərdə Azərbaycan Tibb Universiteti və V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Keçirilən görüşdə, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli tərəfindən imzalanmış sənəd beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev tərəfindən institutun direktoru, professor Adil Allahverdiyevə təqdim edilib.
Görüş zamanı professor Adil Allahverdiyev ATU-nun nümayəndə heyətini institutun elmi-tədqiqat laboratoriyaları, klinik və biokimya laboratoriyaları, kitabxana, poliklinika, intensiv terapiya və digər şöbələri ilə tanış edib və qonaqlara institutun elmi potensialı haqqında geniş məlumat təqdim edib.
Qeyd edək ki, memorandumun imzalanması mərasimində həmçinin ATU-nun Elmi tədqiqatların idarəolunması departamentinin rəhbəri, professor Eldar Qarayev və Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti İlkin Nəsirli iştirak ediblər.
Daha sonra tərəflər arasında əməkşadlıq istiqamətləri haqqında müzakirələr aparılıb.


