Bu xəstəxanada Fizioterapiya şöbəsi yenidən quruldu

TƏBİB səhiyyə xidmətlərinin regionlarda daha əlçatan olması istiqamətində tədbirləri davam etdirir.
Qazax Rayon Mərkəzi Xəstəxanasının yeni və müasir avadanlıqlarla təchiz edilmiş Fizioterapiya şöbəsi yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Mərkəzdə həyata keçirilən yeniliklər, Fizioterapiya şöbəsinin fəaliyyəti və yaradılan şərait göstərilən tibbi xidmətin keyfiyyətini yüksəldəcək və vətəndaş məmnunluğu daha da artıracaq.
Şöbədə sinir sistemi, parkinson xəstəliyi, üz iflicinin, beyin və onurğa beyni zədələrinin, bel, boyun, çiyin nahiyəsində ağrılar, yırtıq, insult, skolioz, uşaqlarda lordoz, bütün növ əzələ və sümük, nevroloji, yaşla bağlı ortopedik xəstəliklərin müalicəsi üçün hər bir şərait yaradılıb.
Şöbədə yüksəkixtisaslı tibb personalı tərəfindən ultrasəs, kombinə elektroterapiyası, elektroforez, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, maqnitoterapiya, osteopatiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biorezonans, limfodrenaj və inqalyasiya terapiyası kimi prosedurlar yerinə yetirilir.
Müasir dünyada ən çox yayılan xəstəliklərdən biri də onurğa sütununun əyilməsi ilə əlaqədar olan skolioz xəstəliyidir. Fizioterapiya şöbəsində skoliozun dərəcəsindən asılı olaraq, onun əməliyyatsız müalicəsi də mümkündür.
Müalicədən əvvəl həkimlər hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyilə pasiyentdə xəstəliyin düzgün diaqnozu və qiymətləndirilməsi həyata keçirilir.
Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır.
Yenilənmiş Fizioterapiya şöbəsində 2 həkim, 5 tibb bacısı və 2 xadimə olmaqla ümumilikdə 9 nəfərlik heyət xidmət göstərir.


