İnsan alverinə şərait yaradan psixoloji amillər

İnsan alveri müasir dünyanın ən narahatedici və ağrılı mövzularından biri olaraq qalır. Texnologiyaların, hüquqi mexanizmlərin və beynəlxalq əməkdaşlığın inkişafına baxmayaraq, hər il minlərlə insan bu cinayətin qurbanına çevrilir. Bu problemin səbəbləri müxtəlifdir — iqtisadi, sosial və hüquqi faktorlarla yanaşı, psixoloji amillər də xüsusi yer tutur. Lakin bu faktorlar çox zaman gözdən qaçırılır və əslində insanın aldanmasında mühüm rol oynayır.
Ən əsas psixoloji amillərdən biri emosional və psixoloji zəiflikdir. Zorakılıq, itki, yoxsulluq və ya uzunmüddətli təcrid yaşayan insanlar tez-tez özlərinə olan inamı itirir, ümidlərini qırılmış hiss edir və tək qalırlar. Belə insanlar üçün manipulyasiya və yalan vədlərlə aldanmaq daha asan olur. İnsan alverçiləri isə bu zəifliklərdən məharətlə istifadə edir, özlərini yardımsevər, qayğıkeş kimi təqdim edərək “daha yaxşı gələcək”, “iş imkanı”, “təhsil” və ya “səyahət” vədləri ilə insanları tora salırlar.
Bundan əlavə, sosial təzyiq də mühüm rol oynayır. Xüsusilə gənclər — sosial şəbəkələrin təsiri altında “asand uğur” və “gözəl həyat” illüziyası ilə yaşadıqları üçün riskə meylli olurlar. Cinayətkarlar bu psixoloji zəifliyi yaxşı anlayır və sosial mediada özlərini cazibədar, etibarlı şəxs kimi təqdim edərək gəncləri tələyə salırlar.
Daha bir narahatedici məqam isə odur ki, insan alverinin qurbanları çox zaman baş verənləri gizlədirlər. Onlar özlərini günahkar hiss edir, utanır və qorxurlar. Bu travmadan sonra danışmaq onlar üçün çətindir. Məhz bu səbəbdən bir çox cinayətlər aşkarlanmayaraq cəzasız qalır.
İnsan alverinin qarşısını almaq üçün təkcə qanunların sərtləşdirilməsi kifayət etmir. Maarifləndirmə və psixoloji dəstək də ən azı qanunlar qədər vacibdir. Bu barədə açıq danışmaq, xüsusilə yeniyetmələrlə və gənclərlə dialoq aparmaq, onlarda tənqidi düşüncə, özünəinam və təhlükəni tanımaq bacarığını formalaşdırmaq çox önəmlidir.
Hər birimiz bu mübarizədə rol oynaya bilərik: ətrafımızdakı insanlara diqqətli olmaqla, narahatedici əlamətləri görməzlikdən gəlməməklə və bu problemdən utanmadan, açıq danışmaqla. Psixoloji dayanıqlıq və dəstək — risk altında olan insanlar üçün ən güclü qalxan ola bilər.
Peşəkar Psixoloqlar İB nin sədri psixoloq Səbinə İsmayılova


