Bağırsaq xəstəlikləri...

Hit: 243
Bağırsaq xəstəlikləri...
Xəstəliyin vaxtında və düzgün diaqnozu müalicə prosesini asanlaşdırır.
 
Bağırsaqlar nəinki qidanın assimilyasiyası və utilizasiyasında rol oynayır, həmçinin immunitet sisteminin formalaşmasında iştirak edir, hormonlar istehsal edir, eyni zamanda çəkiyə, iştaha və hətta əhval-ruhiyyəyə təsir göstərir.
 
Bakı Baş Səhiyyə Mərkəzinin 3 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Günel Tağıyevanın sözlərinə görə, oturaq həyat tərzi, stress, xroniki xəstəliklərlə əlaqədar mütəmadi qəbul edilən dərman preparatları və ən əsası, düzgün qidalanmamaq bir sıra bağırsaq xəstəliklərinin yaranmasında önəmli rol oynayır:
“Bağırsaq xəstəliklərinin əmələ gəlməsində irsiyyətin rolu da danılmazdır. Mədə-bağırsaq traktı xəstəliklərində genetik faktorlar əhəmiyyət daşıyır. Son zamanlar geniş yayılmış bağırsaq xəstəlikləri qıcıqlanmış bağırsaq sindromu, bağırsağın iltihabi xəstəlikləri (kolit və kron xəstəlikləri), seliakiya (həzm sistemi ilə əlaqədar irsi xəstəlik) xəstəliyidir. Bağırsağın iltihabi xəstəliklərinin yaranmasında da genetika, qidalanma və bağırsaq mikroflorasının tərkibinin pozulması rol oynayır. 
Bağırsaq xəstəliklərinə daha çox uşaqlarda rast gəlinir desək, yanılmarıq. Körpənin yeməyinə əlavə qidalar daxil olduqdan sonra bağırsaq xəstəlikləri özünü daha çox büruzə verir. Belə ki, seliakiya xəstəliyi zamanı orqanizmdə qlüten zülalına qarşı yüksək həssaslıq yaranır. Hətta mikroskopik miqdarda tərkibində qlüten olan qidanı qəbul etdikdə bağırsaqda həzm-sovrulma proseslərinin pozulması yaranır. Nəticədə diareya (ishal), ürəkbulanma, qusma, qarında ağrılar, köp müşahidə edilir”.
Həkim-terapevt bağırsaq xəstəliklərinin əsas göstəricilərindən də danışıb. G.Tağıyevanın sözlərinə görə, dispeptik sindrom, ürəkbulanma, qusma, xoşagəlməz dad, defekasiya (həzm prosesinin ən son mərhələsi) aktlarının sayında dəyişiklik (ishal, qəbizlik, bəzən hər ikisinin növbəli baş verməsi), iştahasızlıq, qarında qurultu, yalançı defekasiya çağırışları, ağrı sindromu, çəki itkisinin olması bağırsaq xəstəliklərinin əsas göstəriciləridir:
 
“Əgər pasiyentdə bu şikayətlər müşahidə olunursa, mütləq şəkildə həkimə müraciət edərək müayinə olunmalıdır. Bağırsaq xəstəliklərinin əsas müayinə üsulu endoskopik müayinədir ki, bu, dünyada qızıl standart kimi qəbul edilib. Qastroskopiya və kolonoskopiya müayinəsi ilə xəstəliyə dəqiq diaqnoz qoyulur. Bununla yanaşı, qastroskopiya zamanı biopsiya götürülməsi də mümkündür. Əlbəttə, endoskopik müayinələr həkim göstərişi ilə həyata keçirilir. Çünki pasiyentlərdə yanaşı xəstəliklər mütləq nəzərə alınmalıdır”.
 
Günel Tağıyeva onu da əlavə edib ki, bağırsaq xəstəliklərinin yaranmasından şübhələndikdə mütləq şəkildə xüsusi immunoloji qan analizləri, endoskopik biopsiya, funksional testlər aparılmalıdır:
 
“İltihablaşmış bağırsaq lazım olan maddələri tam şəkildə sovura bilmədiyi üçün uşaqlarda fiziki inkişafdan geriləmə, diş və sümük problemləri, dəridə səpgilər müşahidə olunur. Bağırsaq xəstəliklərinin yarandığından şübhələndikdə mütləq şəkildə xüsusi immunoloji qan analizləri, endoskopik biopsiya, funksional testlər aparılmalıdır. Bağırsaq xəstəliklərinin tam şəkildə müalicəsi olmasa da, qida rasionundan tərkibində qlüten olan qidaların çıxarılması, tam şəkildə qlütensiz pəhrizlə simptomların müalicəsi, korreksiya məqsədilə bağırsaq funksiyasının bərpası, vacib elementlərin defisitinin bərpası üçün müalicə aparılır. Bununla da bağırsaq xəstəliklərinin daha ağır fəsadlar verməsinin qarşısı mütləq şəkildə alınır”.
 
Həkim-terapevt bağırsaq xəstəliklərindən qorunma yollarını da açıqlayıb. O bildirib ki, hər gün açıq havada gəzmək, gec saatlarda ağır qidalardan imtina etmək, bədən çəkisinə uyğun miqdarda su içmək və düzgün qidalanmaya riayət etmək bağırsaq xəstəliklərinin yaranmasının qarşısını alır:
“Hər hansı şikayət olduqda isə mütləq şəkildə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə və həkim-mütəxəssislərə müraciət edilməlidir ki, xəstəliyin qarşısını zamanında və düzgün formada almaq mümkün olsun”.








Redaktorun seçimi