Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib

Hit: 341
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
Yaponiya hökuməti tərəfindən Mərkəzi Neftçilər Xəxtəxanasına ianə edilən tibbi avadanlıqların təqdimat mərasimi keçirilib. 
 
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanebe Katsuya, Mərkəzi Neftçilər Xəxtəxanasının (MNX) direktoru Musa Abbasov və xəstəxananın tibb heyəti iştirak ediblər. 
 
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, bu ianə  xalqlarımız arasında yalnız dostluğun rəmzi deyil, həm də Yaponiyanın qlobal miqyasda əhalinin sağlamlığının qorunmasına və humanitar dəstəyə sadiqliyinin göstəricisidir: “Müasir cihazlar həkimlərə xəstəlikləri daha tez və dəqiq müəyyən etməyə, vaxtında müdaxilə etməyə imkan verir. Bu da xəstələrin daha sürətli və rahat şəkildə tibbi xidmət almasına şərait yaradır”.
 
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, bu avadanlıqlar tibb müəssisəsinin maddi-texniki bazasını gücləndirməklə yanaşı, həkimlərin müasir texnologiyalarla işləməsinə şərait yaradır. Nəticədə, vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə xidmət edir. 
 
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanebe Katsuyanın sözlərinə görə, layihə çərçivəsində xəstəxanaya Yaponiyanın aparıcı şirkətləri olan Canon və Fujifilm istehsalı olan üç növ tibbi avadanlıq - angioqrafiya, daşınabilən rentgen və ultrasəs müayinə cihazları təqdim olunub. O, bu layihənin reallaşmasının gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə səbəb olacağına ümid etdiyini bildirib.
 
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib ki, müasir tibbin tələblərinə cavab verən tibbi avadanlıqlara xüsusilə angioqrafiya aparatına xəstəxanada ehtiyac var idi.  3D görüntüləmə funksiyaları ilə təchiz olunmuş cihazın köməkliyi ilə koronar angioqrafiya, stentləmə, TAVI (Transkateter aorta qapağı implantasiyası), EVAR (anevrizmanın endovaskulyar metodla bərpası) kimi mürəkkəb və həyati əhəmiyyət daşıyan müdaxilələri icra etmək mümkündür. 
 
“Canon” şirkətinə aid yeni nəsil angioqrafiya aparatının köməkliyi ilə qan damarlarında daralma, tıxanma, anevrizmalar, anadangəlmə damar anomaliyaları, damarların travmatik zədələnməsi və qan axınına mane olan digər patoloji halları yüksək dəqiqliklə aşkar etmək mümkündür. Bu avadanlıq diaqnostika ilə yanaşı, balon angioplastikası, stentləmə və insult zamanı aparılan həyati əhəmiyyətli invaziv müdaxilələrdə real vaxt rejimində dəqiq vizualizasiyanı təmin edir. C-qollu aparat xəstəni yerindən tərpətmədən əməliyyat sahəsini müxtəlif bucaqlardan görüntüləməyə imkan verir. Mobilliyi və funksional imkanlarının geniş olması sayəsində trombektomiya və digər təcili prosedurlarda vaxta qənaət edilir. 
 
Fujifilm rəqəmsəl rentgen aparatı yüksək keyfiyyətli və minimal şüalanma dozası ilə rentgen müayinəsi aparmağa imkan verir. Mobil rentgen aparatı yüngül çəkisi, təkərlər üzərində hərəkəti və kompakt dizaynı sayəsində müxtəlif şəraitdə, o cümlədən kiçik məkanlarda rahat rentgen müayinəsi aparmağı mümkün edir. Tibbi avadanlıqların səthi mikrobların yayılmasında yüksək risk daşıyır. Mikrobların yayılma riskini azaltmaq üçün avadanlıq “Hydro AG” antibakterial örtüklə işlənib və bu, ənənəvi örtüklərlə müqayisədə mikrob artımının qarşısını daha effektiv alır. 
 
Fujifilm portativ ultrasəs müayinə aparatı orqan və toxumaların funksional vəziyyətini qiymətləndirməklə yanaşı, katerizasiya, biopsiya, anesteziya kimi tibbi prosedurların təhlükəsiz həyata keçirilməsi üçün istifadə olunur. 
 
Yeni avadanlıqlar MNX-da icbari tibbi sığorta ilə vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə xidmət edəcək. 
Qeyd edək ki, tibbi avadanlıqların ianəsi Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə imzalanmış Notalar Mübadiləsi sənədlərinə əsasən baş tutub. 
 
 








Redaktorun seçimi