Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

Hit: 157
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb
TƏBİB ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, region xəstəxanalarının inkişaf etdirilməsi, səhiyyə infrastrukturunun yenilənməsi, xəstəxanaların fəaliyyətinin modernləşdirilməsi, yeni cərrahi əməliyyatların icrasına başlanılması və xidmət əlçatanlığının təmin edilməsi istiqamətində davamlı işlər görür.
 
Həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin nəzdində göz əməliyyatlarının icrası üçün yeni imkanların yaradılıb. 
 
Belə ki, tibb müəssisəsində artıq yüksək keyfiyyətli göz cərrahiyyəsi xidmətlərinin göstərilməsinə başlanılıb. Bir müddətdir ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanada peşəkar həkim heyəti tərəfindən göz müayinələri və cərrahi müdaxilələr həyata keçirilir. 
Şöbədə oftalmoloji müayinələrlə yanaşı, katarakta, qlaukoma, kantoplastika, intraokulyar göz bülluru protezinin taxılması, İOL implantasiyası, xroniki dakriosistit, çəpgözlük və orbitotomiya kimi bir sıra göz əməliyyatları da icra olunur. 
 
Cari təmirdən sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov da şöbə ilə tanış olub. Xəstəxananın direktoru Natiq Əliyev şöbənin fəaliyyəti və görülən işlərlə bağlı məlumat verərək bildirib ki, TƏBİB-in əsas məqsədlərindən biri regionların ixtisaslı tibbi kadrlarla təmin edilməsi və vətəndaşlara yerində yüksək səviyyəli xidmətlərin göstərilməsidir.
 
Qeyd edək ki, tibb müəssisəsində göz müayinələri və əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.








Redaktorun seçimi