TƏBİB-in əməkdaşı KOICA Məzunlar Assosiasiyasının prezidenti seçilib

Hit: 235
TƏBİB-in əməkdaşı KOICA Məzunlar Assosiasiyasının prezidenti seçilib
TƏBİB-in Təlim və tədqiqatlar Departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rəhbərliyi tərəfindən KOICA Məzunlar Assosiasiyasının (KOAZ) prezidenti seçilib. Bu münasibətlə KOICA Azərbaycan ofisində rəsmi görüş keçirilib.
Görüşdə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Böyük məsləhətçisi Elnarə Baxışova, Beynəlxalq əlaqələr departamentinin Böyük məsləhətçisi Jalə Musazadə, KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Sulim Hwang, KOICA Azərbaycan ofisinin Proqram meneceri Juhui Lee və KOICA-nın Azərbaycan nümayəndəliyinin inzibati koordinatoru Qəmər Seyidova iştirak ediblər.
 
Görüş zamanı tərəflər gələcək əməkdaşlıq perspektivlərini və fəaliyyət planlarını müzakirə ediblər. Tədbirin sonunda KOICA-nın Azərbaycan nümayəndəliyi tərəfindən Emil İskəndərova KOAZ-ın prezidenti vəzifəsinə rəsmi təyinatını təsdiqləyən sertifikat təqdim edilib.
 
KOAZ prezidenti olaraq Emil İskəndərov Koreyada təhsil almış, təcrübə kursu keçmiş və müxtəlif təlimlərdə iştirak etmiş 1 240 nəfəri birləşdirən ictimai birliyə iki il müddətində rəhbərlik edəcək. Bu vəzifədə onun əsas səlahiyyətləri KOAZ üzvləri arasında effektiv kommunikasiyanı təmin etmək, Cənubi Koreya və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək və gücləndirməkdən ibarət olacaq. 
 
Bununla yanaşı, Cənubi Koreya hökuməti və KOICA tərəfindən təqdim olunan qrant layihələrindən Azərbaycan mütəxəssislərinin bilik və bacarıqlarının artırılması istiqamətində yararlanmaq imkanlarını genişləndirəcək.
 
Qeyd edək ki, Azərbaycanda KOICA Məzunlar Assosiasiyası (KOAZ) KOICA-nın təlim iştirakçıları tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədi Koreya və Azərbaycan arasındakı əlaqələri təşviq etmək, KOICA təlimlərindən əldə edilən biliklər vasitəsilə Azərbaycanın sosial və iqtisadi inkişafına töhfə vermək, eləcə də KOICA məzunları arasında dostluq və əməkdaşlığı inkişaf etdirməkdir.








Redaktorun seçimi