Azərbaycanda tibbi menecment necə işləyir?

Hit: 435
Azərbaycanda tibbi menecment necə işləyir?
Azərbaycanda tibb müəssisələrinin müasir idarəetmə sistemi ciddi dəyişikliklərə məruz qalmaqdadır. Bu gün tibbi menecmentin qarşısında klinikaların işini təşkil etməkdən tutmuş, xidmət keyfiyyətinə nəzarət və rəqəmsal texnologiyaların yeridilməsinə kimi geniş spektrə malik məsələlər dayanır. Bu sistemin təkmilləşdirilməsi üçün hansı addımların atılmasının zəruri olması ilə bağlı ATU-nun ictimai fənnlər kafedrasının dosenti Nigar Ələkbərovanın fikirlərini təqdim edirik.
 
-Əvvəlcə onu bilmək istərdik ki, tibb müəssisələrinin uğurlu fəaliyyətini təmin etmək üçün onun idarəetmə strukturunun tərkibi necə olmalıdır?
 
-İstər dövlət xəstəxanası olsun, istərsə də özəl klinika - hər bir səhiyyə müəssisəsinin dəqiq idarəetmə strukturu var. Bura klinikanın direktoru (baş həkim), tibb direktoru, inzibati heyət,  sığorta və mühasibatlıq şöbələri aiddir. Baş həkim qurumun ümumi strategiyası, personalın işi, maddi dayanıqlıq və dövlət orqanları ilə əlaqələrə cavabdehdir. Tibbi direktor isə müalicənin keyfiyyətinə, həkimlərin işinə və tibbi standartların yerinə yetirilməsinə nəzarət edir.
 
İnzibati heyətə maliyyə, marketinq, İT və kadrlar üzrə menecerlər daxildir ki, onlar klinikanın fasiləsiz işini təmin etməlidirlər. Sığorta və mühasibatlıq bölməsi isə bəlli olduğu kimi sığorta şirkətləri ilə əlaqələri nizamlayır, gəlir və xərclərin uçotunu aparır.
 
Qeyd edim ki, dövlət xəstəcanalarında idarəetmə, maliyyələşmə və resursların bölüşdürülməsi Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
 
İstənilən halda tibbi menecmentin ən önəmli aspektlərindən biri işçi heyətin effektiv idarəetməsi ilə bağlıdır. Bu zaman həkimlərin davamlı olaraq ixtisas səviyyəsinin artırılması üçün onlar təlimlərə göndərilir, beynəlxalq konfranslarda iştirakları təmin edilir. Xidmət səviyyəsinin qiymətləndirilməsi üçün pasiyentlərdən klinika haqqında rəy sorğusunda iştirak etmək xahiş olunur. Daxili yoxlamalar və akkreditasiyalar isə tibbi standartlara nəzarət olunmasına kömək edir.
 
- Hazırda ölkəizdə tibbi xidmətlərin göstərilməsində sığorta sistemi böyük əhəmiyyət daşıyır. Xəstəxana və klinikaların maliyyələşməsində sığorta hansı rol oynayır?
 
-Dövlət xəstəxanaları büdcədən maliyyələşsə də, gəlirlərin bir hissəsi İcbari Tibbi Sığorta (İTS) hesabına formalaşır. İTS-ə əsasən, dövlət sığortalanmış vətəndaşlar üçün əsas tibbi xidmətlərin xərcini ödəyir, paiyentlər isə yalnız pulsuz xidmətlər siyahısına daxil olmayan müəyyən müalicə növləri üçün əlavə ödəniş edirlər.
 
Özəl klinikalar isə  bir neçə mənbədən maliyyələşir. Bunlar arasında daha çox gəlir mənbəyini – pasiyentlərin birbaşa ödəmələri təşkil edir. Digər mənbələr: Könüllü tibbi sığorta (fərdi sığortası olan pasiyentlər sığorta zərfinə daxil olan xidmətlərdən yararlanır) və dövlət sazişləri (bəzi hallarda özəl klinikalar dövlət proqramları üzrə müəyyən sifarişləri yerinə yetirirlər).
 
-Klinikaların işinin optimallaşdırılması, daha effektiv fəaliyyət göstərə bilmələri üçün hansı əlavə tədbirlər görülə bilər?
 
-Azərbaycanda müasir tibbi idarəetmə əsasən kllinikaların işinin effektivliyinin artırılmasına yönəlib. Bu məqsədlə aşağıdakı tədbirlər görülür:
 
• Elektron tibbi kartların tətbiqi – kağız işi azalır, diaqnostika və müalicə işi sürətlənir
 
• Pasiyent axınının idarəedilməsi sistemi – elektron növbələr və onlayn qeydiyyatın tətbiqi gözləmə müddətini azaldır
 
• Telesəhiyyə - özəl sektorda aktiv şəkildə inkişaf edən bu xidmət növü onlayn müayinə aparılmasına imkan yaradır.
 
• CRM sistemlər – pasiyentlərin uçotunun aparılmasına, həkimin qəbulu ilə bağlı xatırlatma-bildirişlərinin avtomatlaşdırılması, müraciətlətin analizinin aparılmasına kömək edir.
 
-Məlumdur ki, rəqabətin çox olduğu yerlərdə reklamısız keçinmək  mümkün deyil. Tibb sahəsində uğurlu idarəetməyə nail olunmasında marketinqin rolu nədən ibarətdir?
 
-Özəl sektorda rəqabət artdığına görə fərdi klinikaların marketinq strategiyasına daha çox diqqət ayırması anlaşılandır. Bu zaman klinikanın tanıdılması üçün aşağıdakı alətlərdən istifadə olunur: sosial şəbəkələr və internetdə reklam, pasiyentlərin rəyləri və loyallıq proqramları.
 
Birinci istiqamət üzrə əsasən Facebook, İnstagram, YouTube və Google Ads platformaları üzərindən reklam kampaniyalarının təşkili aiddir.  Bu zaman ikinci alətdən də çox istifadə olunur. Belə ki, ictimai nüfuza önəm verən klinikalar öz pasiyentlərindən onlar haqqında müsbət rəylər yazmağı xahiş edirlər. Nəhayət, özəl klinikalar daimi müştəriləri (pasiyentlər) üçün müəyyən endirimlər tətbiq edir, ailələr üçün xüsusi tibbi xidmət paketləri hazırlayırlar.
 
Bundan əlavə olaraq, özəl klinikalar müştəri xidmət səviyyəsini, beləliklə də məmnuniyyəti yüksəltməyə, klinikada daha rahat şərtlər yaratmağa çalışırlar. Komfort palatalar, fərdi münasibət, daha az gözləmə müddəti pasiyentin də razı qalmasına səbəb olur.
 
Yekunda onu deyə bilərəm ki, Azərbaycanda tibbi menecment xüsusilə özəl sektorda inkişaf etməkdədir. Burada əsas istiqamətlər rəqəmsal texnologiyaların tətbiqi, tibbi xidmət keyfiyyətinin yüksəldilməsi, sığorta sisteminin inkişafı və marketinq strategiyalarının gücləndirilməsi ilə əlaqəlidir. Bu dəyişikliklərin hamısı səhiyyənin effektivliyinin artırılması və daha çox əlçatan olmasına yönəlib ki, bu da rəqabət mühiti yaratmaqla təkcə ölkə daxilində deyil, xaricdən də pasiyentlərin cəlb olunmasına imkan yaradır.








Redaktorun seçimi