Peyvənd yoluxucu xəstəliklərdən qorunmaq üçün ən effektiv vasitədir
Peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və ölümdən xilas edir.
Profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması (immunoprofilaktika) yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodudur və əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir. Artıq bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul edilib. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyi və nəzarəti altında dünyanın 180 ölkəsində vaksinasiya proqramı icra edilir.
Peyvənd xüsusi ilə uşaqları bir çox ağır fəsadlar yarada biləcək yoluxucu-infeksion xəstəliklərdən qoruyur. Buna görə də mütəxəssislər uşaqların peyvənd olunmasını tövsiyə edir.
Bunun üçün ailələr zamanında ailə həkiminə və ya həkim-pediatra müraciət etməli və uşaqları müvafiq müayinələrdən keçirməlidirlər.
Peyvəndlər təkcə sizin uşağınızı poliomielit, tetanus və difteriya kimi ölümcül xəstəliklərdən qorumur, həm də uşaqdan uşağa keçə biləcək digər təhlükəli xəstəlikləri aradan qaldırmaqla və ya əhəmiyyətli dərəcədə azaltmaqla digər uşaqların da təhlükəsizliyini təmin edir.
Peyvənd yaşadır!