Uşaqlarda hərarət yüksəlməsi

Uşaqlarda hərarət orqanizmin infeksiyalara qarşı cavab reaksiyasıdır.
Uşaqlarda hərarətin yüksəlməsi müxtəlif səbəblərdən baş verə bilər. Bugünkü dövrdə hərarətin yüksəlməsinə səbəb olan amillər sırasında virus infeksiyaları ön sıradadır. Lakin bu digər səbəblərdən də baş verə bilər.
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyevanın sözlərinə görə, hər bir valideyn ev şəraitində temperaturu salmaq üçün ilkin yardım göstərməyi bacarmalıdır:
“Belə ki, uşaqlarda hərarət 38.5 dərəcədən yuxarı olarsa (müstəsna hallarda, 3 aya qədər uşaqlarda temperatur 38 dərəcə olarsa), temperaturu salmaq vacibdir. Lakin 38.5 dərəcədən (3 ayadək uşaqlarda 38 dərəcədən) aşağı temperaturu salmağa çalışmaq lazım deyil. Çünki belə halda hərarət orqanizmə mənfi təsir göstərmir. Onu da qeyd etmək lazımdır ki, hərarət özü də orqanizmin infeksiyalara qarşı cavab reaksiyasıdır”.
Həkim-pediatr uşaqlarda hərarətin salınması üçün ilk olaraq analara fiziki metodlardan istifadə etməyi tövsiyə etdi:
“Uşağı adət etdiyi temperaturda olan su ilə çimizdirmək lazımdır, yüksək hərarətli uşağı ilıq və ya soyuq su ilə çimizdirmək olmaz. Əgər bu da mümkün deyilsə, isti su ilə isladılmış dəsmalla bədənini silmək məsləhət görülür”.
Orqanizmin susuzlaşmasının qarşısının alınması üçün hərarətli uşağa çoxlu maye verilməsi zəruridir:
“Uşağın bədəninə sirkə, spirt çəkmək qətiyyən olmaz. Əgər bu metodlar hərarəti aşağı salmırsa, parasetamol, ibuprofen tərkibli dərmanlardan və şamlardan, həkim məsləhəti ilə antibiotikdən istifadə etmək olar.
Onu da qeyd etmək lazımdır ki, qıcolmaya meylli uşaqlar istisna təşkil edir. Onlarda temperatur 37 dərəcədən yuxarı olarsa, dərhal həm antibiotik, həm də qıcolmaya qarşı dərmanlar istifadə olunmalıdır”.
Həkim-pediatr həmçinin, yüksək temperaturun orqanizmə göstərdiyi mənfi təsirlər barəsində də məlumat verdi:
“Yüksək hərarət qanın qatılaşmasına səbəb olur ki, bu da ürəyin fəaliyyətinə mənfi təsir göstərir. O cümlədən, orqanizmdə olan zülallar laxtalanır (böyrəkdən süzülməsi pozulur) və bu da böyrəklərin fəaliyyətinin pozulmasına səbəb olur. Yüksək hərarətin səbəb olduğu mənfi nəticələrdən biri də uşaqlarda qıcolmanın müşahidə olunmasıdır ki, bu da onların sağlamlığı üçün təhlükəlidir”.
Əziz valideynlər, uşaqlarınızda yüksək hərarət müşahidə etdikdə, ev şəraitində ilkin yardım göstərməklə yanaşı, ərazi üzrə sahə (ailə) həkiminizlə məsləhətləşin!


