Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlakçıların qida zəhərlənmələrindən qorunması məqsədilə növbəti maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxda qeyd edilib ki, qida zəhərlənmələri bütün fəsillərdə baş verə bilər. Lakin yazda və yayda havanın isti olması ilə əlaqədar bu hallara daha tez-tez rast gəlinir. Qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də bu interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən ilin isti vaxtlarında, xüsusilə də yayda bəzi qida məhsullarına daha diqqətlə yanaşılmalı, qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır.