Quduzluq xəstəliyindən necə qorunmaq olar?

Hit: 627
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz edildiyindən xəstəlik daha çox quduz heyvanların dişləməsi nəticəsində baş verir. Xəstəlik törədicisinin mənbəyi xəstə ev heyvanları (əsasən it və pişiklər) və vəhşi heyvanlar (canavar, tülkü, çaqqal, porsuq, skuns, yenot və s.) hesab olunur. Yarasa və gəmiricilərin xəstəliyin yayılmasında rolu böyükdür.
 
İnsanlar arasında yoluxma əsasən itlərin dişləməsi ilə baş versə də, zədələnmiş dəri və selikli qişaların (cırmaq və ya yara yeri) xəstə heyvanların ağız suyu ilə təması da yoluxmaya səbəb olur. Bu virus mənşəli xüsusi təhlükəli xəstəliyin inkubasiya dövrü 3 həftədən 3 aya qədər davam edə bilər. İnkubasiya müddətinin uzunluğu heyvanın insanı dişləmə nahiyəsindən, yaranın ölçü və dərinliyindən, həmçinin orqanizmə düşmüş tüpürcəyin miqdarından asılıdır. Dişlənmə nahiyəsinin baş beyin sisteminə yaxın olması xəstəliyin inkubasion dövrünün qısalmasına təsir edən amillərdəndir. Xəstəliyə yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüyünə infeksiyalaşmış ağız suyunun dəyməsi ilə baş verir. Belə ki, quduz it, pişik və digər heyvanlar dəridə yara və ya sıyırtı olduqda, həmçinin selikli qişaları yaladıqda, virus orqanizmə düşə bilər.
 
İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir. Xəstəlik vaxtında müalicə edilməzsə, ölümlə nəticələnir. Heyvan dişləməsinə, cırmaqlamasına və ya zədələnmiş dərinin yalanmasına məruz qaldıqda, ilk olaraq, yaranı və ya tamlığı pozulmuş dərini sabun və təmiz su ilə yumaq lazımdır. Eyni zamanda təcili olaraq həkimə (infeksionistə) müraciət edilməlidir. Dişləmiş it və pişik isə 10-12 gün müddətində ərazinin baytar mütəxəssisinin nəzarətində olmalıdır.
 
Xəstəlikdən qorunmaq üçün ev heyvanlarının quduzluğa qarşı peyvəndlənməsi şərtdir. Sahibsiz (küçə) it və pişiklərlə birbaşa təmas təhlükəlidir. Şübhəli (aqressiv davranan) heyvanlar təhlükə mənbəyidir və onları gördükdə dərhal baytar mütəxəssislərə məlumat verilməlidir.
 
Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə respublikamızda vəhşi heyvanlar arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması tədbirinə başlanılıb ki, bu da öz müsbət nəticələrini verir. Peyvəndləmə işlərinin həyata keçirilməsi üçün quduzluq xəstəliyindən azad olmuş ölkələrdə istifadə edilən qabaqcıl təcrübə tətbiq olunur. Eyni zamanda quduzluq xəstəliyi ilə mübarizə tədbirləri ölkəmizdə regional əməkdaşlıq çərçivəsində də aparılmaqdadır.








Redaktorun seçimi