Yeni Klinikada növbəti körpə həyata qaytarıldı

Hit: 506
Yeni Klinikada növbəti körpə həyata qaytarıldı
9 aylıq, 3 kq çəki ilə ağır vəziyyətdə Yeni Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinə gətirilən körpə 22 günlük stasionar müalicədən sonra evə yazılıb.  
Ağır malnutriye, maye-elektrolit disbalansı, dərialtı piy toxuması itkisi, əzələ zəifliyi, cılız seyrək saçlar, otura bilməmə, narahatlıq, qansızlıq şikayətləri ilə gətirilən körpəyə marazm (marasmus) diaqnozu qoyularaq Dr. Nigar Bayramovanın rəhbərlik etdiyi Uşaq sağlamlığı və xəstəlikləri şöbəsində müalicəsinə başlanılıb. 
 
“Refeeding” sindromuna diqqət edilərək günlük maye-elektrolit balansı və kalori ehtiyacı təmin edilib, sepsis qoruyucu müalicəyə başlanılıb. Məlumat üçün bildirək ki, “Refeeding” sindromu uzun müddətli aclıq və ya qidalanmadan sonra başlayan təkrar qidalanma nəticəsində elektrolit və maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan ciddi, həyati təhlükəsi olan bir sindromdur. 
 
Həmçinin tər testi müayinəsindən sonra kistoz fibroz diaqnozu aşkarlanan körpə şöbənin həkimləri Dr.Dünya Eyvazova, Dr.Lamiyə Zahidli, Dr.Kamilla Arazova, Dr.Fatma Qafarlı və Dr.Ellada Nağıyeva tərəfindən müalicə edilərək 22-ci günündə 4.3 kq çəkidə kliniki yaxşılaşma ilə evə yazılıb. 
 
Qeyd edək ki, marasmus adətən zülal-enerji çatışmazlığı nəticəsində yaranan və təcili müdaxilə tələb edən ciddi qidalanma pozğunluğudur. Bu qidalanma pozğunluğunun ən əhəmiyyətli səbəbi bədənin ehtiyac duyduğu karbohidratlar, yağlar və zülallar kimi makronutrientlərin qeyri-kafi qəbul edilməsidir. Bu qida maddələrinin kifayət qədər qəbul edilməməsi orqanizmin normal funksiyalarını saxlamaq üçün lazım olan enerjidən məhrum olması deməkdir. Nəticədə uşaqlarda və körpələrdə inkişaf problemləri həmçinin həddindən artıq zəiflik kimi əlamətlər yarana bilər. 
 
Həmçinin körpədə aşkarlanan kistoz fibroz irsi xəstəlik olub, ağciyər, bağırsaq, qaraciyər, mədəaltı vəzi, cinsiyyət ürəmə sistemi ilə bağlı problemlərə səbəb olur. Bu xəstəliyi olanlarda yenidoğulmuş dövrdə sarılıq, bağırsaq tıxanıqlığı daha böyük uşaqlarda boy-kilo geriliyi, metabolik kriz, təkrarlayan ağciyər infeksiyaları, diyabet, sonsuzluq kimi problemlər ortaya çıxır. Erkən diaqnoz və müalicə ilə xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür. 
Məlumat üçün bildirək ki, Yeni Klinikada kistoz fibroz xəstəliyinin diaqnozu və müalicəsi sahəsində ixtisaslaşmış mərkəz mövcuddur. Mərkəzdə kistoz fibroz xəstələrinə hərtərəfli diqqət edilərək, xəstəliyin idarə olunması və xəstələrin həyat keyfiyyətinin artırılması üçün multidisiplinar yanaşma ilə xidmət göstərilir.








Redaktorun seçimi