“Yatrogenik Öd Yolu Zədələnmələrində Multidisiplinar Yanaşma” simpoziumunda cərrahi əməliyyat canlı yayımlanıb - FOTOLAR

Hit: 841
“Yatrogenik Öd Yolu Zədələnmələrində Multidisiplinar Yanaşma” simpoziumunda cərrahi əməliyyat canlı yayımlanıb - FOTOLAR
Yeni Klinikada “Yatrogenik Öd Yolu Zədələnmələrində Multidisiplinar Yanaşma” simpoziumu keçirilib. Simpoziumda cərrahi əməliyyatlardan biri canlı translyasiya edilib və əməliyyatın ayrı-ayrı mərhələləri yüksəkixtisaslı yerli həkimlərin moderatorluğu ilə müzakirə edilib. 
Simpoziumda Yeni Klinikanın direktoru Barat Yusubov, Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva, Azərbaycan Tibb Universitetinin professoru Surxay Hadıyev və müxtəlif tibb müəssisələrindən olan həkimlər iştirak edib. 
 
Yeni Klinikanın direktoru Barat Yusubov təşkil olunan simpoziumda məruzəçilər tərəfindən səsləndiriləcək çıxışların günümüzün ən aktual problemini əhatə etdiyini bildirərək, öd yolu zədələnmələrində qapalı və açıq cərrahi əməliyyatların rolundan danışıb. Direktor təkcə aprel ayı ərzində Yeni Klinikanın peşəkar cərrahiyyə komandası tərəfindən 900-dən çox müxtəlif cərrahi əməliyyatın həyata keçirildiyini qeyd edib və əməliyyatların müasir üsullarla icra olunduğunu bildirib. 
Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov klinikada təşkil olunan elmi konfranslar, simpozium, seminar və s. tədbirlərin səhiyyədə olan problemlərə müxtəlif istiqamətlərdən yanaşmağa şərait yaratdığını bildirib. O, multidisiplinar yanaşma sayəsində mövcud çətinliklərin həllinin daha rahat tapıldığını xüsusi vurğulayıb. 
 
Azərbaycan Tibb Universitetinin professoru Surxay Hadıyev və TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva da son dövrlər ölkəmizdə səhiyyənin inkişafı istiqamətində nümunəvi layihələrin həyata keçirildiyini qeyd edərək simpozium iştirakçılarına uğurlar arzulayıblar. 
 
Məlumat üçün bildirək ki, tədbirdə biliar sistem variasiyaları, kəskin xolesistit, Mirizzi sindromu, ERCP-nin diaqnostika və müalicədəki rolu, öd yolu zədələnmələrinin radioloji diaqnostikası, PTK-nın diaqnostika və müalicədəki rolu və s. mövzular müzakirə olunub. 
3 hissədən ibarət simpoziumda həmçinin zala translyasiya edilən canlı əməliyyatın ayrı-ayrı mərhələləri yüksəkixtisaslı yerli həkimlərin moderatorluğu ilə müzakirə edilib. 
 
Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov, həkim-rezident Aynəddin Aslanov və Cəfər Mehdizadə tərəfindən icra edilən və canlı yayımlanan cərrahi əməliyyat uğurla həyata keçirilib. 
Sonda məruzəçilərə təşəkkürnamələr təqdim edilib.
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi