Yeni Klinika beynəlxalq sertifikata layiq görülüb

Hit: 842
Yeni Klinika beynəlxalq sertifikata layiq görülüb
Bakıda Yeni Klinikanın ABŞ-ın Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin elektron tibbi qeydiyyatın adaptasiyası modulu üzrə əldə etdiyi beynəlxalq sertifikata dair təqdimat mərasimi keçirilib.
 
Faktor.az xəbər verir ki, tədbirdə çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikanı bu sertifikata layiq görülməsi münasibətilə təbrik edib.
 
O bildirib ki, Azərbaycanda prioritet hesab edilən bütün sahələrin elektronlaşması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasında rəqəmsal səhiyyə ekosisteminin inkişafı, eləcə də göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ABŞ-ın “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (HIMSS) təşkilatı ilə əməkdaşlıq nəticəsində ölkəmizdə ilk dəfə məhz Yeni Klinikanın “HIMSS”in önəmli yetkinlik modulu hesab edilən “Elektron Tibbi Qeydiyyatın Qəbul Modulu” (EMRAM) üzrə VI səviyyə sertifikasiyanın tələblərinə uyğun olduğu təsdiqlənib.
 
Qeyd edilib ki, bu beynəlxalq sertifikatın əldə olunması ölkəmiz və səhiyyə sektoru üçün olduqca əlamətdar uğurdur, eləcə də bir ilkdir.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib ki, belə beynəlxalq sertifikatların alınmasını Azərbaycan səhiyyəsinin uğuru hesab etmək olar. “Bir neçə il öncə ölkəmizdə ən geridə qalan məsələlərdən biri elektronlaşma idi. Bu, sığorta məsələsində də çətinlik yaradırdı. Son 15 ildə ölkəmizdə tibb müəssisələrinin yenidən qurulmasına böyük vəsait yatırılıb. Qürurvericidir ki, son 3 ildə Azərbaycanın səhiyyə sistemində elektronlaşma sürətlə həyata keçirilib. Hazırda ölkəmizdə elektron sistem vasitəsilə 1 milyondan çox pasiyent qeydiyyatdan keçib. Elektron səhiyyə sistemində 3 milyon çox xidmət göstərilib və 5 milyondan çox tranzaksiya həyata keçirilib", - deyə Zaur Əliyev bildirib.








Redaktorun seçimi