Qazi Respublika Klinik Xəstəxanasının rəhbərliyinə təşəkkür edib
Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirir
Qazimiz Cəlalzadə Aqil Allahverdi oğlu TƏBİB-in tabeliyində olan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib. Aqil Cəlalzadə xəstəxananın Sinir xəstəlikləri şöbəsinin müdiri Aytən Hüseynova tərəfindən müayinə edilib, xəstəyə kəllədaxili travma diaqnozu qoyulub. Xəstədə 1 həftəlik müalicə nəticəsində müsbət dəyişiklik hiss olunub.
Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Sinir xəstəlikləri şöbəsinin müdiri Aytən Hüseynovaya və şöbənin tibb personalına öz minnətdarlığını bildirib.
Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Aqil Cəlalzadə Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə”, “Ağdərənin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.