Dirsək çıxığının əlamətləri və simptomları hansılardır?

TƏBİB-in tabeliyində fəaliyyət göstərən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli mövzu ilə bağlı açıqlama verib.
E.Əsədli bildirib ki, qarlı havalarda yollar çox zaman buzla örtülür. Bu isə bəzi hallarda insanların sürüşərək yıxılması ilə nəticələnir:
“Yıxılma sonrasında bir çox dayaq hərəkət sistemi problemləri və baş beyin xəsarətləri yarana bilər. Uşaqlarda qarlı günlərdə dirsək nahiyəsində sınıqları daha çox müşahidə olunur. Normada sümüklər oynaqda güclü bağların yardımı ilə sabit dururlar. Lakin uşaq yıxılanda yaxud əlindən sərt şəkildə dartılanda oynaq bağları normadan çox dartınır və sümük oynaqdan kənara çıxır”.
Həkim-travmatoloq bildirib ki, adətən çıxıq baş verdiyi andan etibarən uşaq ağlamağa başlayır və zədələnmiş qolunu istifadə etmir yaxud həmin qolda hərəkətləri kəskin məhdudlaşır:
“Əgər övladınızda dirsək çıxığı olduğunu düşünürsünüzsə, dərhal travmatologiya şöbəsinə yaxud təcili tibbi yardıma müraciət edin. Çıxmış sümük nə qədər çox dirsəkdən kənar qalsa, onun yerinə salınması o qədər ağrılı və çətin olacaq, həmçinin oynağın tam bərpası da uzun müddət çəkəcək.
Hissəvi çıxıq halları həkimin yardımı ilə (sümüyü yerinə qaytarmaqla) tam bərpa olurlar. Bu, ağrılı prosedur olsa da, tez baş verir. Xarakter səs ilə sümük yerinə qayıdır. Dirsək çıxığı zamanı rentgen müayinə mütləq deyil.
Lakin uşağı bir müddətlik şöbədə saxlaya bilərlər ki, hər hansı ağrı olub olmadığını, uşağın qolunu istifadə etməsini müşahidə etsinlər. Bəzi uşaqlar çıxıq aradan qalxan kimi və oynaq bərpa olan kimi həmin qolunu istifadə etməyə başlayırlar. Digər uşaqlara isə bunun üçün müəyyən vaxt lazım olur.


