Tədris Cərrahiyyə Klinikasında xəstəyə sığorta ilə böyrək köçürülüb

Hit: 287
Tədris Cərrahiyyə Klinikasında xəstəyə sığorta ilə böyrək köçürülüb
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında uzun illərdir ki, böyrək transplantasiyası əməliyyatları icra olunur. Bu barədə klinikanın Transplantologiya şöbəsinin müdiri Anar Namazov məlumat verib.
 
Onun sözlərinə görə, bu günlərdə ilk dəfə olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində böyrək transplantasiya əməliyyatı icra edilib. Əməliyyat Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin dəstəyi, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun rəhbərliyi ilə həyata keçirilib. A.Namazov donorun xəstənin bacısı olduğunu bildirib. Böyrək köçürülməzdən öncə 50 yaşlı xəstə bütün müayinələrdən keçirilib, böyrək nəql olunan damarların vəziyyəti, ürək göstəriciləri və s. yoxlanılıb.
 
A.Namazov qeyd edib ki, əməliyyat 4 saat çəkib və uğurla başa çatıb. Donor laparoskopik nefrektomiya olunub. Paralel olaraq, digər masada böyrək xəstəyə köçürülüb. Əsas nüans ondan ibarətdir ki, transplantasiya prosesi xəstə dializ almadan icra olunub. Xəstə hazırda özünü normal hiss edir.
 
Əməliyyat briqadasına professor Nuru Bayramov, tibb üzrə fəlsəfə doktoru Anar Namazov, Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov, eləcə də dr. Elvin İsazadə, dr. Elçin Teymurov, anestezioloq Məmməd Abbasov və nefroloq Orxan Quliyev daxil idi.








Redaktorun seçimi