"Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres - FOTOLAR
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqresi öz işinə başlayıb.
Konqresin rəsmi açılış hissəsi başlamazdan öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar ilk növbədə Fəxri Xiyabanı ziyarət edib və Ümummilli liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar.
Konqres Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Konqres iştirakçıları Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Konqresin açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov və Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor Hicran Hüseynova çıxış ediblər, tədbir iştirakçılarını salamlayaraq, konqresin işinə uğurlar diləyiblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafında çox böyük əməyi və əvəzsiz rolu olmuşdur, eyni zamanda Ulu öndər ana və uşaq sağlamlığı ilə bağlı məsələlərə həmişə xüsusi diqqət yetirmiş, bu sahə daim onun nəzarəti və qayğısı altında olmuşdur.
C.Məmmədov konqresin bütün iştirakçılarına və qonaqlarına məhsuldar iş, maraqlı panel müzakirələri, səmərəli dialoq, və ən əsası faydalı nəticələr əldə edilməsini arzulayıb. Rəsmi açılış hissəsindən sonra əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib.
"Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqresin “Müasir mama-ginekologiyanın aktual problemləri” başlığı altında keçirilən konqresin I paneli “Servikal skrininq və kolposkopiya: Yerli və beynəlxalq təcrübə”, II paneli “Uroginekologiyaya müasir baxış” və III paneli “Menopauzanın idarəedilməsi: Yerli və beynəlxalq təcrübə” mövzularında olacaq. Panellərdə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinləniləcək.
Birinci paneldə Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Dr.Sədi Allahverdiyev “Uşaqlıq boynu lokalizasiyalı miomalara cərrahi yanaşma” mövzusunda, II paneldə Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi Dr.Bəhruz Xalıqov “Qadınlarda sidik saxlamamanın müalicəsi. Azərbaycanda mövcud tendensiyalar” mövzusunda, III paneldə Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Dr.Təranə Bayramova “Genitourinar menopauza sindromu: müasir müalicə üsulları (estetik prosedurlar və lazer) mövzusunda təqdimatlarla çıxış edəcəklər. Sual-cavab sessiyasında məruzələr ətrafında geniş müzakirələr aparılacaq, tədbir iştirakçılarının sualları cavablandırılacaq. Tədbirə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislər qatılıblar.
Konqres çərçivəsində 27 noyabr tarixində “Doğum zalında neonatal reanimasiya” kursu keçiriləcək. Kursda Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının Prof., Dr. Merih Çetinkaya “Doğum zalında neonatal reanimasiya-nələrə diqqət etməliyik?” və 28 noyabr tarixində Ankara Universiteti Tibb Fakültəsinin professor, Neonatologiya Cəmiyyətinin üzvü, Dr.Ömer Erdeve “Praktik vərdişlər” mövzularında master-klass nümayiş edəcəklər. Konqres işini noyabrın 28-də “Neonatologiya və pediatriyada yeniliklər” mövzusunda davam etdirəcək.