Xəstəxanaların idarəedilməsini həyata keçirən 60 nəfər Türkiyə təcrübəsini öyrənir

Hit: 617
Xəstəxanaların idarəedilməsini həyata keçirən 60 nəfər Türkiyə təcrübəsini öyrənir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində cari ilin noyabrın 14–dən 17-dək “Xəstəxanaların idarəedilməsi” mövzusunda təlim keçirilir.
 
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş təlimin keçirilməsində məqsəd xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirməklə icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinin idarəetmə mexanizmini beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır.
 
Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimin açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, TİKA-nın koordinatoru Fatih Yılmaz, Ankara Universitetinin rektoru Necdet Ünüvar və universitetin Sağlamlıq Elmləri fakültəsinin dekanı Əminə Özmete, həmçinin dövlət tibb müəssisələrinin rəhbər heyəti iştirak ediblər.
 
Tədbirdə çıxış edən Zaur Əliyev Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin tibb sahəsində nəticəsindən danışaraq, bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra ali tibbi təhsil almaq və müvafiq ixtisasartırma kursları keçmək üçün Türkiyəyə göndərilən yüzlərlə həkim uzman bu gün ölkəmizdə əhalinin sağlamlığının keşiyində dayanır: “Bu ənənənin davamı olaraq agentlik ilə Ankara Universiteti arasında imzalanan Protokol çərçivəsində ötən il ümumilikdə 27 dövlət tibb müəssisəsinin rəhbər heyəti Ankarada keçirilən təlimlərdə iştirak edib. Daha çox xəstəxana rəhbərini təlimlərə cəlb etmək məqsədilə Bakıda təşkil edilən 4 günlük təlimdə dövlət tibb müəssisələrindən 60 nəfər iştirak edir. Ümid edirəm ki, sizlər təlim müddətində əldə etdiyiniz bilikləri öz fəaliyyətinizdə uğurla tətbiq edəcək, tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərinizi əsirgəməyəcəksiniz”.
 
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov xəstəxanaların idarə olunması üsulunun təkmilləşdirildiyini bildirib: “Xəstəxanalar səhiyyə sistemində mühüm rol oynayır, elə buna görə də onların fəaliyyətini dəyişən tələblərə uyğunlaşdırmaq istiqamətində davamlı işlər görülməlidir. Xəstəxana sektorunda əsas problemlərin aradan qaldırılması, idarəetmənin təkmilləşdirilməsi ehtiyaclarını müəyyən etmək vacibdir. Hazırda xəstəxanaların idarə olunması üsulunun təkmilləşdirilməsi istiqamətində çalışırıq. Mövcud proseslər icbari tibbi sığorta sistemi çərçivəsində yeni texnologiyaların tətbiqini, yeni maliyyələşmə mexanizmlərinin müəyyən olunmasını, infrastrukturun təkmilləşdirilməsini, işçi heyəti üçün iş yükünün azaldılması və resurslardan səmərəli istifadəni əhatə edir”.
 
Necdet Ünüvar isə öz növbəsində universitetin müəllim heyəti tərəfindən aparılan təlim proqramının yerli xəstəxanalar üçün faydalı olacağını vurğulayıb: “Hesab edirəm ki, xəstəxanaların idarəedilməsinə həsr olunan 4 günlük təlim bu işə öz töhfəsini verəcək. Bu münasibətlə ölkəmizin və universitetimizin potensialını azərbaycanlı idarəçilərlə bölüşəcək olan təlimçilərimizə və tədbiri ərsəyə gətirən bütün qurumlara təşəkkür edirəm”.
 
Fatih Yılmaz iki qardaş ölkənin müvafiq qurumları və mütəxəssisləri arasında təcrübə mübadiləsi istiqamətində aparılan işlərin əhəmiyyətli olduğunu açıqlayıb: “Səhiyyə infrastrukturunun gücləndirilməsinə, tibb işçilərinin bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihələr hər zaman TİKA-nın diqqət mərkəzindədir. Digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Azərbaycan və Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edərək möhkəmlənəcəyinə tam əminik”.
 
Qeyd edək ki, Ankara Universitetinin Sağlamlıq Elmləri fakültəsinin Səhiyyənin idarəedilməsi bölməsinin professorları və Ankara Bilkənt Şəhər Xəstəxanasının mütəxəssisləri tərəfindən keçirilən təlimdə xəstəxanaların idarəedilməsi və təşkili, korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr, maliyyə menecmenti, keyfiyyətin, təchizat zəncirinin idarəedilməsi kimi mövzular tədris olunur.
 
Bununla yanaşı, proqram çərçivəsində təlim iştirakçıları tədris edilən mövzular üzrə əyani tanışlıq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasını ziyarət edəcəklər. Xəstəxananın Qeydiyyat və Təcili Tibbi Yardım bölmələri, stasionar və reanimasiya şöbələri ilə tanış olan iştirakçılara xəstəxananın fəaliyyəti haqqında məlumat veriləcək.








Redaktorun seçimi