Pnevmoniya xəstəliyi - Xəstəliyin simptomları
Pnevmoniya – ağciyərlərin iltihabı xəstəliyidir. Pnevmoniya xəstəliyi müxtəlif mikroorqanizmlər, xüsusən pnevmokok bakteriyalar tərəfindən baş verir (təxminən 90%). Bu xəstəlik ən çox qış aylarında olur, bir çox hallarda qrip kimi başlayır, qısa bir zamanda pnevmoniya ilə nəticələnə bilir. Bəzi pnevmoniya növlərinin xəstə insanlardan sağlam insanlara birbaşa ötürülmə riski var. Xəstəlik ağciyərlərdə ocaq və pay pnevmoniyası kimi də baş verə bilər.
Xəstəliyin simptomları: öskürək, sarı, yaşıl rəngli bəlqəm ifrazı, təngnəfəslik, döş qəfəsində və kürək nahiyyəsində ağrılar, üşütmə, titrətmə, 39 -40 dərəcə temperatur, iştahsızlıq , tərləmə, halsızlıq və s. Bəzi hallarda heç bir klinik və laborator əlamətlər olmadan, ağciyərlərin RENTGEN müayinəsi vasitəsilə pnevmoniya xəstəliyinin aşkarlanması halları
da ola bilər. Pnevmoniya xəstəliyini uşaqlar daha ağır keçirir.
Pnevmoniya diaqnozu klinik əlamətlər, laborator müayinələr və döş qəfəsi orqanlarının RENTGEN müayinəsi (lazım gələrsə döş qəfəsinin KT –si) vasitəsilə qoyulur.
Pnevmoniyanın qarşısını almaq üçün, yəni sətəlcəmin əmələ gəlməsini asanlaşdıran mənfi amillər düzəldilməlidir. Bu məqsədlə xroniki xəstəliklərin müvafiq təqib və müalicəsi, stresdən qaçınma, düzgün qidalanma, gigiyenik yaşayış şəraitinin təmin edilməsi, alkoqol və tütündən uzaq durmaq məsləhətdir. Xəstə vaxtında həkimə müraciət etməli, müayinə və müalicə olunmalıdır. Xəstə vaxtında müalicə alarsa pnevmoniya xəstəliyindən tamamilə sağala bilər.
Pnevmoniyadan qorunmaq üçün peyvəndlərin olunması məsləhətdir.
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Allerqologiya şöbəsinin müdiri həkim-allerqoloq,
pulmanoloq Reyhan Paşayeva
pulmanoloq Reyhan Paşayeva