“Azərbaycanda transplantologiyanın inkişafı” mövzusunda təqdimat olub - FOTOLAR
Mərkəzi Gömrük Hospitalinin həkimi “Medinex” sərgisinin təqdimat zonasında “Azərbaycanda transplantologiyanın inkişafı” panelində təqdimat edib
Mərkəzi Gömrük Hospitalinin Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq, t.ü.f.d. Dr.Mircəlal Kazımi 3 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisinin təqdimat zonasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tibbi İnnovasiyalar Forumunda “Orqan transplantasiyası və nə üçün” mövzusunda təqdimatla çıxış edib.
Mircəlal həkim orqan transplantasiyasının sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün yeganə şans olduğunu qeyd edərək, bildirib ki, bu, cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsidir.
Regionda ilk dəfə böyrək transplantasiyası əməliyyatının 1971-ci ildə məhz Azərbaycanda, akademik Mirməhəmməd Cavadzadə tərəfindən icra edildiyini deyən M.Kazımi, 2000-ci illərin əvvəllərində professor Dr.Kamal Abdullayevin də xarici mütəxəssislərlə birgə apardığı böyrək transplantasiyası əməliyyatının uğurla başa çatmasından danışıb. Daha sonra, 2008-ci ildə Azərbaycan Respublikasında, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatı Professor Dr.Murat Kılıç və Dr.Mircəlal Kazımi tərəfindən aparılmışdır. Dr.Mircəlal Kazımi çıxışında orqan transplantasiyası əməliyyatı üçün orqanların haradan alınması, canlıdan və meyitdən orqan köçürülməsi, bu prosedurların qanunla tənzimlənməsindən danışıb.Təqdimatların sonunda sual-cavab sessiyasında Dr.Mircəlal Kazımi forum iştirakçılarının suallarını cavablandırılıb.