Nərgiz Kərimova - “Həkimlərimizi tanıyın”
“Həkimlərimizi tanıyın” rubrikasında Sizə Mərkəzi Gömrük Hospitalınıın yüksəkixtisaslı həkimi, həm kollektivin, həm də pasiyentlərin böyük rəğbətini qazanmış Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimovanı təqdim edirik.
DR.NƏRGİZ KƏRİMOVA Mərkəzi Gömrük Hospitalında reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım, xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi, beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım, baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya, kiçik cərrahi prosedurların aparılması, xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması ilə məşğul olur.
Nərgiz həkim 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almış, 1993-1994-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-terapevt ixtisası üzrə internatura keçmişdir. O, 1994-2002-ci illərdə M.Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasının Təcili Yardım şöbəsində, 2002-2003-cü illərdə Səudiyyə Ərəbistanı Krallığının Əl-Baha şəhərində Əl Baha İlk Tibbi Yardım Mərkəzində şöbə müdiri, 2003-2006-cı illərdə Əl Baha şəhəri Əl Dəfir Mərkəzi Təcili Yardım hospitalında şöbə müdiri, 2006-cı ildə Səudiyyə Ərəbistanı Krallığının Mina şəhəri mərkəzi xəstəxanasında, 2006-2007-ci illərdə özəl tibb müəssisəsində həkim-təlimçi, 2007-2009-cu illərdə özəl tibb müəssisəsində həkim ekspert və şöbə müdiri, 2009-2021-ci illərdə Mərkəzi Gömrük Hospitalında Təcili yardım həkimi kimi çalışmış və 2021-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında Təcili Yardım şöbəsinin rəisi kimi fəaliyyət göstərir.
Dr.Nərgiz Kərimova 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Nərgiz həkim 2010-cu ildə Amerika Birləşmiş Ştatları Çikaqo şəhərində Weiss Memorial Hospitalında Təcili yardım kursu keçmişdir. O, 2013-cü ildə Avstriyanın Zalsburq şəhərində Zalsburq Universitet Hospitalında travmatoloji yardım üzrə təcrübə proqramında, 2018-ci ildə Gürcüstanın Tbilisi şəhərində “Qadın sağlamlığı” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nargiz-karimova/#