“Müasir Kardiologiyanın dünəni və bu günü” - FOTOLAR

Hit: 487
“Müasir Kardiologiyanın dünəni və bu günü” - FOTOLAR

“Medinex” sərgisinin təqdimat zonasında “Müasir Kardiologiyanın dünəni və bu günü” panelində təqdimatlar edilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının İnvaziv kardiologiya şöbəsinin rəisi Dr.İlqar Tahiroğlu 2 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisinin təqdimat zonasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tibbi İnnovasiyalar Forumunda təqdimatlar ediblər. 
 
Forumun “Müasir Kardiologiyanın dünəni və bu günü” panelində məruzəçi və moderator qismində iştirak edən Dr.Rəşad Mahmudov çıxışında qeyd edib ki,  “Medinex” sərgisi  sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələrin inkişaf etdirilməsinə, yeni əlaqələrin qurulmasına,  aktual məlumatlar mübadiləsinin aparmasına  və sərfəli müqavilələr bağlanmasında  səmərəli müstəvi rolunu oynayacaqdır. 
 
Dr.Rəşad Mahmudov “Dünəndən sabaha gedən yolda biz və ürək damar xəstəlikləri” mövzusunda etdiyi təqdimatında ölkəmizdə və dünyada geniş miqyas almış ürək xəstəliklərinin statistikası, yaranma səbəbləri, diaqnostikası və dünyada geniş trend almış cərrahi müalicə üsulları barədə ətraflı məlumat verib.  O, Azərbaycanda səhiyyənin inkişafından, bugünkü vəziyyətindən danışaraq, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində postsovet ölkələri arasında daha çox xarici ölkələrdə tibbi təhsil alanların məhz Azərbaycandan olmasını qeyd edib. R.Mahmudov səhiyyə sahəsində ölkəmizdə aparılan islahatlardan danışaraq vurğulayıb ki, hazırda paytaxtda və regionlarda icbari tibbi sığorta tətbiq edilən çoxlu sayda tibb mərkəzləri fəaliyyət göstərir ki, bu da hər bir ölkə vətəndaşı üçün tibbi xidmətləri əlçatan etmişdir.
 
Mərkəzi Gömrük Hospitalinin İnvaziv kardiologiya şöbəsinin rəisi Dr.İlqar Tahiroğlu “İnvaziv kardiologiya və ürək xəstəliklərinin dünəni, bu günü və sabahı” mövzusunda təqdimatla çıxış edib. O, son 50 ildə texnologiyaların sürətli inkişafına baxmayaraq, ölüm səbəblərinin çoxunun  ürək-damar xəstəliklərinin payına düşdüyü barədə danışıb. Dr.İlqar Tahiroğlu  qeyd edib ki, Azərbaycanda hazırda invaziv kardiologiya inkişaf edir, ən müasir texnologiya ilə təchiz olunmuş kateterizasiya laboratoriyaları ölkənin əksər xəstəxanalarında mövcuddur. Bu gün yüksəkixtisaslı kardioloqlar keyfiyyətli tibbi yardımın göstərilməsini təmin edir. Təqdimatların sonunda forum iştirakçılarının mövzular üzrə sualları cavablandırılıb və müzakirələr aparılıb.
1
1
1
1








Redaktorun seçimi