Təcili tibbi yardım həkimi Tofiq Bayramov - “Həkimlərimizi tanıyın!”
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə ağır vəziyyətdə olan insanlara vaxtında və zəruri tibbi xidmət göstərməyi, saniyələr ərzində düzgün qərar verməyi bacaran yüksəkixtisaslı həkim, təcili tibbi yardım həkimi Tofiq Bayramovu təqdim edirik.
Dr. TOFİQ BAYRAMOV Mərkəzi Gömrük Hospitalında protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılmasını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tofiq-bayramov/.
Dr.Tofiq Bayramov 1988-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. 1988-1989-cu illərdə 3 saylı Uşaq Klinik Xəstəxanasında interna təhsili keçmişdir. Dr.Tofiq Bayramov əmək fəaliyyətinə 1986-cı ildə A.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında tibb qardaşı kimi başlamış, 1988-ci ilə qədər orada işləmişdir. 1989-2012-ci illərdə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında anestezioloq-reanimatoloq kimi çalışmışdır. 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi çalışır.
O özünə qarşı tələbkar, öz üzərində çalışan yüksəkixtisaslı həkim, işinin peşəkarıdır. Müxtəlif ölkələrdə keçirilən konfranslarda, kurslarda, təlimlərdə həvəslə iştirak edir, bəhrələndiyi təcrübələri öz işində tətbiq edir. Dr.Tofiq Bayramov 2018-ci ildə Türkiyədə Sağlık Bilimleri Üniversitesi ve ATUDER-in (Acil Tıp Uzmanları Derneği) təşkilatçılığı ilə keçirilən “Azerbaycan Acil Tıp Sempozyumu”nda və “Azəri Toksikoloqlarının Dərnəyi” və “UpToDate in Medicine” tərəfindən təşkil olunan “İlk yardım” üzrə təlim kursunda, 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə “Davamlı Tibb Təhsili üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında “Uşaq cərrahiyyəsi üzrə Elmi-praktika” və “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında “İmmunpatoloji Xəstəliklər” mövzusunda keçirilən konfranslarda, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən “SARS-Cov-2 COVID -19 Kompleks Diaqtnostikasına Müasir Yanaşmalar” Beynəlxalq Elmi Konfransında, yenə həmin ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” adlı Beynəlxalq Elmi Konfransda, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Türkiyə Neanotologiya Konqresi”ndə, 2023-cü ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azəri Toksikoloqlarının Dərnəyi” İctimai Birliyinin, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Materia Medicanın təşkilatçılığı ilə keçirilən “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” konfransında iştirak etmişdir. Təcili tibbi yardımın çağırış nömrəsi 905-dir.