“Sağlam və gümrah olmaq istəyirsinizsə, düzgün və sağlam qidalanmaqdan başlayın”. - Dr.Xumar Novruzova

Hit: 425
“Sağlam və gümrah olmaq istəyirsinizsə, düzgün və sağlam qidalanmaqdan başlayın”. - Dr.Xumar Novruzova
Sağlam qidalanma toxumaların və hüceyrələrin inkişafı, onların daim yenilənməsi, orqanizmin enerji ilə doyması mənbəyidir. Düzgün olmayan qidalanma: həm həddindən artıq, həm də qeyri-kafi qidalanma hər yaşda insan sağlamlığına əhəmiyyətli dərəcədə zərər verə bilər.
 
Sağlam qidalanmanın prinsipləri və zərərli vərdişlərlə mübarizə üsulları haqqında suallarımızı Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova cavablandırır.
 
-Xumar həkim, insan sağlamlığında düzgün qidalanmanın vacib olduğu hər kəsə məlumdur. Bəs sağlam qidalanma nədir və onun əsas prinsipləri hansılardır?
 
-Düzgün və sağlam qidalanma həyatımızın təməlidir. Əgər düzgün qidalanırıqsa, deməli, düzgün inkişaf edirik, daha az xəstələnir, o cümlədən əhalinin ölümünün əsas
səbəbi olan qan dövranı sistemi xəstəlikləri az olur. Baxın, ana südü ilə qidalanan körpələrin immuniteti möhkəm olur, xəstəliklərə daha az yoluxurlar. Bu, onların gələcək həyatlarına da müsbət təsir göstərir. İnsan gələcəkdə səhhətində problem yaşamamaq üçün erkən yaşlarından düzgün qidalanmanın əsaslarını bilməlidir.
Sağlam qidalanmağın şərtləri qida qəbulu rejiminə, su rejiminə, qidanın müxtəlifliyi və hazrlanma texnologiyasına əməl edilməsidir. 
Sutkada sağlam insan 5 dəfə qida qəbul etməlidir:  bunlardan 3-nün əsas, 2-sinin əlavə  olması şərtdir. Bu qida qəbulu arasında nəsə atışdırmaq məsləhət deyil. Əsas qidalara  isti qidalar, əlavə qidalara isə meyvə, süd məhsulları, ləpələr, quru meyvələr və s. aiddir. 
 
Su rejiminə əməl etmək qida qəbulu qədər vacibdir: hər kq çəkiyə 25 ml, yay fəslində 35 ml uyğun hesab edilir. Beləliklə, 80 kq çəkisi olan insan gündəlik olaraq 2 litr  su içməlidir. Həm də suyun qəbulu yemək arası olmalıdır. Qida kimi içilən suyun da keyfiyyəti çox önəmlidir. Qaynadılmış suyun xeyri az, qaynadılmamış krandan axan su isə təhlükəli hesab olunur. Həmçının, plastik butulkalarda qızmar günəş altinda saxlanan sulardan istifadə məsləhət görulmür. Üstünlük şüşə qablaşdırmaya verilməlidir. 
Sağlam qidalanmanın daha bir şərti qida qəbulu şəraitidir: bunun üçün rahat əyləşmək, telefon və televizordan uzaq olmaq, qidanı tələsmədən çeynəmək və emosional söhbətlərdən üzaq olmaq vacibdir. Ailə üzvləri ilə birgə qəbul olunan qidanın müsbət  emosional təsiri də, həmçinin, danılmazdır. 
Sağlam qidalanmanın əsas şərtlərindən biri də qidanın tərkib müxtəlifliyidir. ən xeyirli məhsulun da, əgər tək qəbul olunarsa, orqanizmə xeyri olmaycaq və insanın  bütün tələbatlarını təmin edə bilməyəcək. ÜST-nin tövsiyəsinə ğörə, insan sutka ərzində 5 növ meyvə-tərəvəz qəbul etməli, onlardan 3 hissə tərəvəzin, 2 hissə isə meyvələrin payına düşməlidir. 
 
Sağlam qidalanmanın daha bir vacıb şərti qidanın hazırlanma texnologiyasıdır. Uzun müddət qaynayan yağlarda qızaran ət və tərəvəzlərun kanserogen, yəni xərçəng yaratma xüsusiyyəti hamıya məlumdur. Kolbasa-sosiska məmulatlarının tərkibi isə Mendeleyevin dövri cədvəlindən də zəngindir. Qidanı hazırlayarkən buxarda bişirmək, tərəvəz salatlarını termik təsir olmadan çiy saxlayıb, mayonez əvəzinə bitki yağı, nar yaxud limonlu souslarla zənginləşdirmək daha məqsədəuyğundur.
 
-Niyə bir çox insanlar çox yeməyə meyillidir? Və niyə çox vaxt zərərli qidaları seçirik? Bəzən müxtəlif yeməklərdən asılı vəziyyətə düşürük, bunun bir elmi izahı varmı?
 
- Rifah halı yüksək olan ölkələrin əhalisi qiyməti baha, lakin ekoloji təmiz məhsullardan istifadə edir, idmanla məşğul olur, avtomobili velosipedlə əvəz edir və hər vəchlə cavan, sağlam və gümrah olmağa çalışırlar. İfrat kiloluq isə qiyməti ucuz, tərkibi süni dad gücləndiriciləri və trans piylərlə zəngin fast foodlardan, asan həzm olunan yüksək kalorili, lakin qida dəyəri aşağı olan karbohidratlardan uzun müddət və mütəmadi istifadə olunarkən əmələ gəlir.  Bu tip qidalarla  yanaşı, oturaq həyat tərzi, stress amilləri də üst-üstə gələndə piylənmə kimi həyat üçün təhlükəli hal əmələ gəlir. Piylənmə isə Tip 2 şəkərli diabetin, qaraciyərin piy distrofiyasının, ürək, qan-damar, mərkəzi sinir sistemı, dayaq-hərəkət sistemı xəstəliklərinin etioloji faktorudur. Piylənmənin müalicəsi isə heç də asan başa gəlməyən, bəzi hallarda isə hətta cərrahi masaya qədər apara bilən mürəkkəb yoldur. 
 
Qidadan asılılığa gəldikdə isə, burada zərərli vərdişlərin rolunu qeyd etmək istərdim. Baxın, son vaxtlar hamı nahar fasiləsində tez-tez nəyisə atışdırmağa tələsir, fast-food yeməklərə üstünlük verirlər. Qadınlar evdə hər hansı yeməyi hazırlamaq əvəzinə marketlərdən yarımfabrikat məhsullar alır, onlardan istifadə etməklə müxtəlif yeməklər hazırlayırlar. Bu zaman hazırladıqları qidalarda heç bir məhsulun nə qədər zülal, nə qədər karbohidrat, nə qədər yağ ehtiva etdiyinin fərqinə belə varmırlar. Sağlam qida bu maddələrin tarazlı, balanslaşdırılmış tərkibini təmin edir.  Ona görə də biz evdə düzgün məhsullardan istifadə etməklə yeməklər hazırlamalıyıq. Axı, həqiqətən, ev şəraitində mövsüm meyvə və tərəvəzlərindən istifadə etməklə rəngarəng yeməklər hazırlamaq və onlardan zövq almaq mümkündür.
 
- Gündəlik ən çox istifadə olunan hansı qidalar insanlarda həzm problemi və qastroenteroloji xəstəliklərin yaranmasına səbəb olur? Hansı məhsulları ümumiyyətlə qida rasionundan çıxarmaq lazımdır?
 
- Həzm orqanları arasında qeyri-sağlam qidalanmadan ilk əziyyət çəkən həzm traktının qapısı olan qida borusu, mədə və bağırsaqlardır. Onların hər hansı bir narahatlığı xəstəni tez bir zamanda həkimə müraciət etməyə vadar edirsə, orqanizmin ən “zəhmətkeş “və “səbrli” orqanı olan qaraciyər uzun müddət susaraq dözür. Lakin piy distrofiyası irəlilədikcə sağlam qaraciyər toxumasında geriyə dönməyən proseslər başlayır. Və bu proseslərə alkoqol qəbulu və virus hepatiti də qoşularsa, qaraciyər serrozu kimi ağır xəstəliklə üzləşməli oluruq. Məhz buna ğörə də, Ultrasəs müayinəsi zamanı qaraciyərin piylənməsi diaqnozuna ciddi yanaşmaq lazımdır.
Qidalarınızdan həddindən artıq şirin və duzlu qidaları, konservləri, ketçupları, mayonezləri xaric etmək lazımdır, onları faydalı xüsusiyyətlərə malik müxtəlif çeşidli yoqurtlarla əvəz etmək olar. Siz həmçinin hisə verilmiş ətləri, kolbasaları, sosisləri, yarımfabrikatları, həddindən artıq duzlu və yağlı qidaları qəbul etməkdən çəkinməlisiniz. Uzun müddət düzgün qidalar qəbul etdiyiniz vaxt özünüzə hədiyyə kimi bir konfet, bir parça tort və ya bir pirojna, bir qədər xəmir xörəyi yeməyi icazə verə bilərsiniz, lakin bu bir sistem halına düşməməlidir. Düzgün qidalanan insan özünü gümrah və yüngül hiss edir, xəstəliklərdən uzaqdır.
 
- Uşaqlıqda piylənmə, onun riskləri və nəticələri barədə nə deyə bilərsiz?
 
- Son zamanlar daha çox uşaqların bədən çəkisi artıb. Həddindən artıq yemək və piylənmə qeyri-sağlam həyat tərzinə səbəb olur. Piylənmə bir çox xroniki və yoluxucu xəstəliklərin: qan dövranı sisteminin pozulmasına, şəkərli diabet xəstəliyinin inkişafına gətirib çıxarır. Gələcəkdə bunlar beyin qan dövranının pozulmasına, infarktların, insultların yaranmasına səbəb ola, ömrü qısalda bilər. Ona görə də uşaqlıqdan valideynlər uşaqlarına düzgün qidalanmağı öyrətməlidirlər.
 
-Xumar həkim, sonda oxucularımıza nə tövsiyə edərdiniz?
 
-Hamıya demək istərdim ki, sağlam qidalanma ilə məşğul olmaq heç vaxt gec deyil. İstər 17 yaşınız olsun, istər 40 və ya 60. Önəm daşıyan sizin qarşınıza qoyacağınız məqsəddir – az xəstələnmək, sağlam və gümrah olmaq istəyirsinizsə, düzgün və sağlam qidalanmaqdan başlayın.
 
-Ətraflı müsahibəyə görə sağ olun.
 
Müsahibəni apardı: 
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova








Redaktorun seçimi