Yüksək ixtisaslı ümumi cərrah, t.f.d., Dr. Namiq Novruzov - “Həkimlərimizi tanıyın!”

Hit: 600
Yüksək ixtisaslı ümumi cərrah, t.f.d., Dr. Namiq Novruzov - “Həkimlərimizi tanıyın!”
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə pasiyentlər arasında böyük rəğbət qazanmış Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksək ixtisaslı ümumi cərrah, t.f.d., Dr. Namiq Novruzovu təqdim edirik.
 
DR.NAMİQ NOVRUZOV Mərkəzi Gömrük Hospitalında laparoskopik və açıq qaraciyər rezeksiyaları, öd yollarından laparoskopik vizual və rentgenoloji kontrolla daşların xaric edilməsi, mədəaltı vəzin, dalağın, mədənin, qida borusunun tam və hissəvi çıxarılması, nazik və yoğun bağırsaqlarda laparoskopik əməliyyatlar, bariatrik mədə kiçildilməsi, mədənin şuntlanması, diafraqma yırtıqlarının laparoskopik təmiri, yırtıqların açıq və laparoskopik üsullarla təmiri, abdominoplastika əməliyyatları, eləcədə də ezofaqoqastroduodenoskopiya, kolonoskopiya, ezofaqus varikoz venalarının elastik həlqələnməsi, qastrointestinal darlıqlarda stentlərin yerləşdirilməsi, poliplərin kəsilməsi, qanamaların endoskopik yolla dayandırılması və digər əməliyyatları icra edir. 
 
Dr.Namiq Novruzov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika fakültəsini bitirmiş, 1996-1997-ci illərdə Bakı şəhəri 5 saylı kliniki xəstəxanada cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. O, 2003-2007-ci illərdə Moskva şəhərində Rusiya Diplomdansonrakı Tibbi Təhsil Akademiyasında Təcili və Təxirəsalınmaz cərrahiyyə kafedrasının aspiranturasında təhsilini davam etdirərək, tibb üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır.
 
1998-ci ildə dövlət tibb müəssisəsində ümumi cərrah kimi fəaliyyətə başlamış Namiq Novruzov 2003-2007-ci illərdə N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrah, 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında ümumi cərrah, 2012-2013-cü illərdə Türkiyədə Malatya İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda cərrah kimi çalışmış və 2013-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah kimi fəaliyyət göstərir. Dr. Namiq Novruzov ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, transplantasiya və invaziv endoskopiyanı əhatə edən geniş çeşidli diaqnostik və cərrahi əməliyyatlar üzrə ixtisaslaşmışdır. 
 
Namiq həkim öz sahəsi üzrə biliklərini daim təkmilləşdirərək Rusiyanın, Türkiyənin və Avropanın müxtəlif aparıcı klinikalarında qarın boşluğu və çanaq üzvlərinin laparoskopik cərrahiyyəsi üzrə ixtisasartırma, Ankara Universitetinin Tibb fakültəsində endoskopiya və ERCP üzrə kursları bitirmiş, 2020-ci ildə Avstriyanın Zalsburq şəhərində Amerika-Avstriya Fondu tərəfindən təşkil olunmuş  “Zalsburq tibb seminarları” adını almış “Mədə-bağırsaq xərçəngi” seminarında, 2022-ci ilin mart ayında Türkiyənin Antalya şəhərində keçirilən XXII Beynəlxalq Cərrahiyyə Konqresində iştirak edib. 
 
Dr.Namiq Novruzov 2019-cu ildə ABS-da çap olunan nüfuzlu “Annals of Transplantation” jurnalının və İngiltərədə çap olunan “World Journal of Surgical Oncology” jurnalının rəsmi rəyçi eksperti seçilib. Dr.Namiq Novruzov Mərkəzi Gömrük Hospitalın radioloqu Emin Məmmədov  və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovla birgə “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunmuşdur.
 
Dünyanın bir çox ölkələrində elmi konfrans və seminarlarda cərrahiyənin geniş sahələrini əhatə edən müxtəlif mövzularda çıxışlar edir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/namik-novruzov/ . Namiq Novruzovun qəbuluna yazılmaq üçün əlaqə nömrə: (012) 404-08-08.








Redaktorun seçimi