“Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçiriləcək

Hit: 413
“Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçiriləcək
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 19-21 may 2023-cü il tarixlərdə "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin 100  illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresini təşkil edəcək.
 
Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.
 
"Bakı Ürək Günləri" Beynəlxalq Konqresinin hər dəfə olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu, vaxtilə Klivlend klinikasında Ulu Öndərin həkimi olan məşhur kardioloq Prof. Dr. Murat Tuzcunun Konqresin fəxri qonağı olacağını deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev  əvvəlki illərdən fərqli olaraq Konqres çərçivəsində ilk dəfə metavers sessiyanın təşkil olunacağını bildirib.
 
"Dünya yenilənir, rəqəmsallaşma günü-gündən həyatımızın müxtəlif sahələrində üstünlüyünü biruzə verir. Biz də Konqresimizdə ilk dəfə olaraq metavers sessiya təşkil edəcəyik. Bundan başqa, gənc mütəxəssislər üçün təşkil olunacaq praktiki məşğələlər onların təcrübələrinin artırılmasına dəstək olacaq, “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək.”
 
Konqresin proqramına əsasən, 19 may tarixində gənc ürək-damar cərrahları üçün mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək.
 
Mayın 19-da Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa təşkil olunacaq.
 
20-21 may tarixlərində isə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq.
 
Prof. Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 30 kredit balı verilib.
 
Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.








Redaktorun seçimi