Dahi təbib

Hit: 437
Dahi təbib
R.Rəhimov 1923-cü il martın 18-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1937-ci ildə natamam orta təhsili başa vuraraq, Ordubad şəhər Pedaqoji Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra 1941-ci ildən 1945-ci ilədək əvvəl kənd, sonradan şəhər orta məktəblərində müəllim işləyib. 
1945-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1950-ci ildən Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Xəstəxanasında cərrah kimi işə başlayıb.
 
Bir ildən sonra R.Rəhimov Ordubad Şəhər Xəstəxanasına həkim-rentgenoloq kimi fəaliyyətini davam etdirib.
 
1953-cü ildə R.Rəhimov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya (hazırkı Milli Onkologiya Mərkəzi) İnstitutunda şüa diaqnostikası ixtisası üzrə aspiranturaya qəbul olunub. 
 
Təxminən 50 il ərzində akademik R.Rəhimov həzm sistemi orqanlarının və ağciyərlərin patologiyalarının rentgenoloji, kliniki, morfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair aparılan əsaslı tədqiqatlara rəhbərlik edib. 1958-ci ildə ona tibb elmləri namizədi adı verilib. 1968-ci ildə mədə-bağırsaq sisteminin bədxassəli şişlərinin rentgenoloji diferensial diaqnostika üsullarının işlənib hazırlanması və təkmilləşdirilməsinə görə R.Rəhimova tibb elmləri doktoru adı verilib. 
1969-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə R.Rəhimov professorluğa layiq görülüb, 1974-cü ildə Milli Onkologiya Mərkəzində direktor vəzifəsinə təyin edilib. 1989-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
 
R.Rəhimov şüa diaqnostikasında perspektivli sahə sayılan bədxassəli şişlər, xora xəstəlikləri və bir sıra digər patoloji hallarda həzm sistemi orqanlarının selikli qişasının arxitekturasının öyrənilməsinin əsasını qoyub. Onun tərəfindən yoğun bağırsağın bir sıra xəstəliklərinin rentgen-morfoloji əlamətləri işlənilərək praktikada tətbiq edilib.  
Akademik R.Rəhimov Cənubi Qafqaz respublikaları onkoloqlarının ənənəvi konfranslarının və xərçəng əleyhinə mübarizənin təşkili probleminə həsr olunmuş səyyar sessiyaların təşkilatçılarından biri olub. O, 15 il ərzində respublika rentgenoloqlar, radioloqlar elmi-tibbi cəmiyyətinin, onkologiya və şüa diaqnostikası və terapiyası ixtisasları üzrə namizədlik dissertasiyası müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri olub.
 
Akademik R.Rəhimov xidmətlərinə görə dövlət tərəfindən bir çox mükafatlarla - "Şərəf nişanı" ordeni, "Rəşadətli əməyə görə", "SSRİ Səhiyyə əlaçısı" döş nişanları, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin nişanları ilə təltif olunub.
 
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik R.Rəhimov 2013-cü il iyulun 6-da vəfat edib.








Redaktorun seçimi