Gömrük Hospitalının travmatoloqu Hamburqda simpoziumda iştirak edib

Hit: 399
Gömrük Hospitalının travmatoloqu Hamburqda simpoziumda iştirak edib
Mərkəzi Gömrük Hospitalının Travmatologiya və ortopediya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev 20-21 aprel 2023-cü il tarixlərində Almaniya Federativ Respublikasının Hamburq şəhərində “Diz oynaqlarının təkmilləşdirilmiş implant sistemi” üzrə akademik simpoziumda iştirak edib. Simpozium yüksək texnologiyaya malik, qabaqcıl implantlar istehsal edən dünya miqyaslı “İmplancast” şirkətinin tədris mərkəzində keçirilib. 
 
Tədbirdə Azərbaycan, Türkiyə, Almaniya, İngiltərə, Polşa, Avstriya, Danimarka, Yunanıstan, Qırğızıstan, Malayziya, Cənubi Koreya və digər ölkələrdən iştirak edən travmatoloq-ortopedləri dayaq-hərəkət sisteminin böyük oynaqlarının müasir implant sistemi ilə tanış ediliblər. Artroplastika üzrə geniş təcrübəsi olan ixtisasçılar professor Dr.Lee Jeys, Dr.Steffen Abmann, Dr.Henry Dempwolf və digərləri tərəfindən diz oynaqlarının endoprotezləşdirilməsi əməliyyatı,  endoprotezlərinin tətbiqinə göstərişlər, əks göstərişlər, implant seçimi, implantların tətbiqi zamanı əməliyyatların aparılma texnikası barədə geniş məlumatlar veriblər. Eyni zamanda, əməliyyatların aparılma texnikası süni diz oynağı maketləri üzərində əyani nümayiş etdirilmişdir. 
 
Qeyd edək ki, birincili endoprotez əməliyyatları ölkəmizdə iyirmi ildən artıqdır ki, həyata keçirilir. Nəzərə alsaq ki, əməliyyatdan sonra oynaqlarda implantların orta dayanıqlılıq müddəti  maksimum 15-20 ilə hesablanmışdır. Bu səbəbdən son beş il ərzində təkrar-ikincili endoprotez əməliyyatına ehtiyacı olan xəstələrin sayı artmaqdadır. Dr.Ramin Rzayev bildirib ki, simpoziumda mənimsənilmiş yeni məlumatlar, biliklər və cərrahi praktik vərdişlər endoprotez əməliyyatların aparılmasını asanlaşdırmaqla yanaşı, müsbət kliniki nəticələrin əldə edilməsinə yardımçı olacaqdır.








Redaktorun seçimi