Kliniki Tibbi Mərkəzdə daha bir ilk!

Hit: 577
Kliniki Tibbi Mərkəzdə daha bir ilk!
Dövlət xəstəxanaları arasında ilk dəfə olaraq KTM-də torokoskopik (qapalı-VATS) üsulla xəstənin sağ ağciyərinin üst payındakı bullaların sağlam ağciyər toxuması ilə birgə kəsilməsi və plevranın (ağciyəri örtən təbəqənin) soyulması əməliyyatı icra edilib. 
 
26 yaşlı vətəndaş üzərində aparılan torokoskopik əməliyyat uğurla başa çatıb. Kliniki Tibbi Mərkəzin uzman torakal cərrahı Fəhmin Əmirovun sözlərinə görə, əməliyyat zamanı xəstədə hər hansı bir ağırlaşma qeydə alınmayıb:
 
"Pasiyent nəfəs darlığı, öskürək, sinə ağrısı şikayəti ilə KTM-ə müraciət edib. Rentgen müayinəsi nəticəsində ağciyərin sağ tərəfində spontan gərginlik pnevmotoraksının olduğu müşahidə edilib. Bu səbəbdən xəstə 15.02.2023 tarixində Torakal cərrahiyyə şöbəsinə yerləşdirilib. Şöbədə xəstənin sağ ağciyərinə plevral drenaj yerləşdirilib. Plevral drenaj prosedurundan sonra tomoqrafiya edilib. Tomoqrafiya nəticəsində sağ ağciyərin alt və orta payında tam atelektaziya, üst payında isə partlamış bulla aşkarlanıb. Plevral drenajdan hava qaçağı (air leak) davam etdiyi üçün trokoskopik əməliyyat planlaşdırılıb. Əməliyyat 38 dəqiqə davam edib və 2 ədəd 1 sm ölçüsündə kəsikdən uğurla icra olunub. Xəstə spontan tənəffüslə şöbəyə yerləşdirilib. Heç bir həyati təhlükəsi yoxdur".
Pasiyent Ehtiram Cəbiyevin sözlərinə görə heç vaxt ağciyəri ilə bağlı narahatlıq yaşamayıb:
 
"İlk ağrılarım 2 həftə öncə işə gedən zaman başlayıb. Döş qəfəsində olan ağrılar əvvəllər məndə heç vaxt olmayıb. Günü-gündən daha da pisləşdiyim üçün özəl klinikalardan birinə müraciət etdim. Ümumi analizlər, rentgen müayinəsindən keçdikdən sonra sağ ağciyər pərdəsinin deşildiyi müəyyən olundu. Daha sonra mən Kliniki Tibbi Mərkəzə müraciət etdim. Yenidən aparılan müayinələr nəticəsində diaqnozum dəqiqləşdi və müalicələrə başlanıldı. Burda tibb personalı həqiqətən çox peşəkardı və hər şey yüksək səviyyədədir. Hazırda özümü yaxşı hiss edirəm. Bir neçə günə normal həyatıma qayıdacam".








Redaktorun seçimi