Nuran Abdullayev Qərbi Azərbaycanla bağlı təklif irəli sürdü

Hit: 565
Nuran Abdullayev Qərbi Azərbaycanla bağlı təklif irəli sürdü
Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşdə dövlətçiliyimiz və xalqımız üçün taleyüklü məsələlərlə bağlı böyük tarixi və siyasi əhəmiyyətə malik mesajlar səsləndirib. Qərbi Azərbaycan İcmasının məhz vaxtilə Qarabağın məcburi köçkünlər icmasına məxsus binada yerləşməsi və bu görüşün də həmin məkanda keçirilməsi rəmzi məna daşıyır. Bununla bağlı gələcək perspektivləri yüksək dəyərləndirən dövlətimizin başçısı deyib:
 
“Burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.
 
Göründüyü kimi, bu mesaj artıq hər bir azərbaycanlı üçün yol xəritəsi hesab oluna bilər. Sözsüz ki, Qərbi Azərbaycanla bağlı prioritetlər təkcə ölkə daxilində deyil, xaricdə də yüksək səviyyədə yerinə yetirilməlidir.  
 
Ermənilərin məkrli niyyətlərinin həyata keçirilməsində qlobal güclər, kənar qüvvələr də aktiv rol oynayır. Buna görə də Qərbi Azərbaycan həqiqətlərinin dünyada tanıdılması işində xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun üzərinə böyük vəzifə düşür.  
 
Tarixi həqiqəti, faktları xarici auditoriyaya çatdırmaq üçün diaspor təşkilatlarına fəal şəkildə iş aparmaq tapşırılıb.
 
Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev  Qərbi Azərbaycanla bağlı atılacaq addımlar və təkliflər haqqında danışıb.  
 
“Azərbaycan Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan icması ilə son görüşündə birgə fəaliyyətlə bağlı tapşırıqlarını verib. Birgə fəaliyyət çoxşaxəli olacaq. Mənim təkliflərimdən biri də Qərbi Azərbaycan İcmasının Avropada rəsmi qeydiyyatdan keçmiş cəmiyyətini təsis etməkdir. Cəmiyyətin mərkəzi Almaniya və ya başqa Avropa ölkəsi ola bilər. Eyni zamanda idarə heyətini müəyyən etmək lazımdır. Cəmiyyətin idarə heyətində Qərbi Azərbaycandan olan və bu gün Almaniyada, eləcə də Avropada önəmli postlarda olan gənclərin yer almasına çalışmaq lazımdır. Hüquqi cəhətdən cəmiyyət Almaniyada qurulsa da, bütün Avropa üzrə vacib məsələlərdə Qərbi Azərbaycan İcmasına dəstək ola və mövqe ortaya qoya bilər.  
 
Təklif etdiyim cəmiyyət hətta müəyyən zamandan sonra Almaniyada öz fondunu yarada biləcək böyüklükdə də ola bilər. Cəmiyyətin birgə fəaliyyətini əsas Avropaya kökləmək olar. Almaniyada və Avropada azərbaycanlı siyasətçi və tarixçilərin də iştirakı ilə müxtəlif beynəlxalq siyasi və tarixi dialoqların mütəmadi şəkildə təşkil edilməsi vacibdir. Buradan dünyaya səsimizi lazımi səviyyədə çatdıra bilərik”, - Nuran Abdullayev vurğulayıb.
 








Redaktorun seçimi